EventsMədəniyyətSərgiTəqdimat

Mədəniyyət Nazirliyi “Rebuild Karabakh – 2022” sərgisində xüsusi stendlə təmsil edilir

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” (“Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən “Xəzər İnşaat Həftəsi” öz işinə başladı. “İnşaat həftəsi”ndə 17 ölkədən 300-dən çox şirkət iştirak edir.

Sərgilər “Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşir.

Üç gün davam edəcək “İnşaat həftəsi”nin “Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur.

Nazirlikdən bildirilib ki, stenddə Qarabağ xalçası, Zəfər və Qarabağ mövzulu kitablar, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı 360 dərəcə səyahət etmək üçün virtual eynək sərgilənir.

Nazirliyin stendində, həmçinin Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri, Füzuli Memorial Kompleksinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur.

Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar, eyni zamanda, muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!