Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 26 aprel 2017-ci il saat 12:00-da Bayramov Tural Aslan oğlunun “Mənim səssiz dünyam” adlı fərdi sərgisi keçiriləcəkdir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun xüsusi dəstəyi və ADRA Muzey-Sərgi Kompleksinin təşəbbüsü ilə həyata keçirilir.
1987-ci ildə anadan olan nitq qüsurlu gənc rəssam Tural Bayramov rəssamlıq fəaliyyətinə erkən yaşlarından Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq mərkəzində başlamışdır. Turalın rəssamlığa marağını görən valideynləri ona bu yolda daima dəstək olmuş və məhz bunun nəticəsində 2002-ci ildə Əzim Əzimzadə adına kollecin Rəngkarlıq fakültəsinə qəbul olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun xüsusi dəstəyi ilə 2010-cu ildə ADRA-nın Rəngkarlıq fakültəsində təhsilini davam etdirmiş və akademiyanı müvəffəqiyyətlə bitirmişdir.
Tural Bayramov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqı Gənc Rəssamlar Birliyinin üzvüdür. Gənc rəssam 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümünə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsi, 20 sentyabr 2014-cü il tarixində Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş “ART Energy – 20” müsabiqəsi, 2015-2016-cı il Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisi, Azərbaycandakı Fransa səfirliyinin təşkil etdiyi “Fransanın Milli Müstəqillik günü”nə həsr olunmuş sərgi, Rusiya Əməkdaşlığı təşkilatının Azərbaycandakı nümayəndəliyinin 2016-cı ildə təkil etdiyi “Sərhədsiz incəsənət” sərgisi, 2016-cı ildə Belçikada keçirilən “Günəşli Azərbaycana salam” adlı sərgilərinin iştirakçısı və laureatı omuşdur.
Tural Bayramovun ən son nailiyyətlərindən biri də onun Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgtə təşəbbüsü ilə keçirilən “Vətən buradan başlayır” sərgi müsabiqəsində I yerə layiq görülməsidir.
Təbiət və gözəllik vurğunu olan incə qəlbli gənc rəssamın yaradıclığında mənzərə və portret janrı üstünlük təşkil edir. “Mərdəkan”, “Bakı bulvarında gəzinti”, “Gədəbəydə əkin sahələri, “Lənkəranda payız”, “Neftçi düşərgəsi”və s. kimi əsərlərin müəllifi olan gənc rəssamın yaradıcılığında Bakı, Lənkəran və Gədəbəy mənzələri üstünlük təşkil edir. Həmçinin qeyd etmək istərdik ki, rəssamın portret janrında işlədiyi əsərlərində onun tələbə yoldaşları və yaşlı insanların obrazları təsvir olunmuşdur.
Tural Bayramovun yaradıcılığı Rəssamlıq Akademiyasının professor və müəllim heyyəti tərəfindən xüsusi qiymətləndirilir.
Sərgidə gənc rəssamın 100-ə yaxın əl işi nümayiş olunur. Qeyd edək ki, rəssam iki ilə yaxındır ki, fərdi sərgisinə həvəslə hazırlaşır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 28 aprel 2017-ci il tarixinədək davam edəcəkdir.
Frame.az