EventsFashionFestivallarMədəniyyətTəqdimat

Məşhur modelyerlər Bakıda 13-cü dəfə podiuma çıxıblar

Hazırda ölkəmizdə moda həftəsi keçirilir. Burada mövsümə uyğun payız kolleksiyası nümayiş olunur. Moda həftəsində digər ölkələrin kolleksiyaları ilə yanaşı, mənim də işlərim var. Burada 2023-cü il bahar-yay kolleksiyam təqdim edilir. Eyni zamanda, mən öz yeni kolleksiyalarım üzərində işləyirəm. Sirr deyil ki, hər bir yeni kolleksiyanı yaratmaq üçün ilham mənbəyi lazımdır. Yeni geyim kolleksiyamın ilham mənbəyi də mənim üçün İtaliyanın ən qədim və romantik şəhərlərindən olan Venesiya oldu.

Bu sözləri Beynəlxalq Muğam Mərkəzində “Azerbaijan Fashion Week” moda həftəsinin 13-cü mövsümünün nümayişi zamanı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova deyib.

“Məlumdur ki, Venesiya su və qayıqlarla əhatələnmiş füsunkar memarlığı olan mədəniyyət şəhəridir. Yayda Venesiya Film Festivalına dəvət olunmuşdum. Festivalın art-direktoru mənə Venesiyanın əsas rəmzlərindən olan maskalar hədiyyə etdi. Arzum çin oldu, çünki illərlə Venesiyada olmağı və burada keçirilən film festivalında qırmızı xalıdan keçməyi arzulayırdım. Elə orada növbəti bahar-yay kolleksiyamı Venesiyaya həsr edəcəyimi qərarlaşdırdım. Düşünürəm ki, biz xarici ölkələrdə keçirilən belə festivallarda iştirak edərək öz ölkəmizi bu istiqamətdə təmsil edə bilərik. Bu mənim gələcək planlarıma daxildir”.

Hazırda Qarabağ kəlağayılarının bərpası prosesi üzərində işlədiyini söyləyən Əməkdar incəsənət xadimi deyib ki, bugünkü təqdimatdakı kolleksiyasında iki libasda eksperimental nümunələr nümayiş etdirib: “AFW”nin 13-cü mövsümünün əsas mövzusu Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilib. Bu da təəccüblü deyil, çünki moda həftəsinin baş prodüseri Sayat Dossıbayev həm də “Qazaxıstan Moda Həftəsi”nin təsisçisidir, onun sayəsində “AFW” podiumu həmişə bu iki ölkənin ən dəbli dizaynerlərinin görüş yerinə çevrilir. “Azerbaijan Fashion Week”in 13-cü mövsümünün iştirakçıları arasında bir çox yerli və xarici dizaynerlər var”, – deyə F.Xələfova vurğulayıb.

Qazaxıstanı nümayişdə “Shogy”, “Nomade”, “Usaliev”, “A-Sain kids”, “Asheri” adlı brendlər, eyni zamanda Özbəkistanı dizayner İrina Diosa təmsil edir. Moda həftəsində Fəxriyyə Xələfova ilə yanaşı, “La Şyla”, “Soul Desire”, “Mario Russo”, “Ny Gyul” və “Menzer Zekizade Fashion” məktəbinin məzunları Röya Bəşirova, Ramilya Mehdiyeva və Sultan Məmmədovanın debüt kolleksiyaları da nümayiş olunur.

Qeyd edək ki, 2015-ci ilin mayında ölkəmizdə moda həftəsinin ilk mövsümü keçirilib və bu, ölkədə moda həftələrinin başlanğıcı olub. Bu genişmiqyaslı layihə bir çox cəhətdən məhz moda sahəsində çalışanların hamısının səylərini birləşdirən platformaya çevrilərək dizaynerləri, alıcıları, yerli və xarici mətbuatı, eləcə də paytaxtın bütün modasevərlərini, eyni zamanda moda həvəskarlarını birləşdirən platformaya çevrilib. Mövcud olduğu 13 mövsüm ərzində “Azerbaijan Fashion Week” ən mühüm moda hadisəsi statusunu saxlaya bilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!