Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa 136 il əvvəl tikilmiş teatrın inzibati binasının yaranma tarixi, burada oynanılan ilk tamaşalar barəsində danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə arasında səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
Cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi qəbul və işgüzar söhbət üçün minnətdarlığını bildirib, ona Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin salamlarını çatdırıb.
“Teatrınızın görkəmi dünyanın bir çox nüfuzlu teatrları ilə müqayisə olunacaq dərəcədə möhtəşəm və gözəldir. Elə ilk baxışdan da hiss olunur ki, burada uğurlu tamaşaların ərsəyə gəlməsinə zəmin yaradan peşəkar mühit var… Əminəm ki, bundan sonra da Macarıstan-Azərbaycan mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və yeni mədəni münasibətlərin gedişatında mühüm rol oynayacaq. Düşünürəm ki, bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsi çox vacibdir”, – deyə Macarıstanlı diplomat xüsusi vurğulayıb.