EventsFestivallarIqtisadiyyatTəqdimat

Masallı “ASAN Həyat” kompleksində Bahar festivalı

Martın 16-da Masallı şəhərindəki “ASAN Həyat” kompleksində Novruz bayramı münasibətilə təşkil edilmiş Bahar festivalına start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Masallı Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalının keçirilməsində məqsəd xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır.

Tədbir iştirakçıları əvvəlcə milli adət-ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış olublar.

Sonra bayram tonqalı yandırılıb.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

“ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub.

Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarında xoş ovqat yaradıb.

Bahar festivalında, həmçinin İran, Türkmənistan və Özbəkistanın ölkəmizdəki səfirliklərinin nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdiriblər.

Bayram tədbirində Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan rayon nümayəndəliklərinin rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Paytaxtdan dəvət olunan tanınmış müğənnilərin çıxışları festival iştirakçılarının ürəyincə olub.

Festival günlərində, həmçinin “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı da həyata keçiriləcək.

Masallıdakı “ASAN Həyat” kompleksində Bahar festivalı martın 19-dək davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!