COP29-un uğurla başa çatmasından dərhal sonra Mastercard Azərbaycanda dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirmək məqsədilə “Bakı Taksi Xidməti” MMC, ABB və “APAR” velosiped icarəsi xidməti ilə əməkdaşlığa başladığını elan edir.
ABB və “APAR” Xidməti ilə Birgə Layihə
APAR şəhərin əsas bölgələrində 700 ekoloji təmiz pedallı velosiped və 200 e-velosipedi istifadəyə verir, Mastercard və ABB tərəfdaş kimi taksi təşəbbüsünü mükəmməl şəkildə tamamlayır. ABB-dən əldə edilən Mastercard kartlarının istifadəçiləri pedallı velosipedlər üçün abunəliklərdə 50% endirim əldə edəcəklər. Eyni zamanda, bütün Mastercard istifadəçiləri elektrikli velosipedlərə aid xüsusi stimullardan faydalana biləcəklər. Həmçinin, istifadəçilər üçün velosiped axtarmaq, gəzintiyə başlamaq və icarəni idarə etmək üçün istifadəsi rahat və müasir mobil tətbiq təqdim olunacaq.
Bakı Taksi Xidməti İstifadəçiləri üçün Eksklüziv Mastercard Üstünlükləri
Ekoloji cəhətdən təmiz elektrik taksilərinin istifadəsinə təşviq etmək məqsədilə “Baku Taxi” şirkəti Mastercard kart istifadəçiləri üçün eksklüziv kampaniyaya start verib. Kampaniya çərçivəsində mobil ödənişlərə bir il ərzində 10% endirim təklif olunur. Bu təşəbbüs həm sakinləri, həm də qonaqlari təmiz nəqliyyata təşviq etmək, eyni zamanda emissiyaları azaltmaq və dayanıqlılığı dəstəkləmək məqsədi daşıyır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyininin İdarə Heyətinin sədr müavini Natiq Dadaşov AYNA tərəfindən paytaxt ərazisində mikromobillik infrastrukturunun inkişafı və xüsusilə yaxın məsafələrə səfərlər zamanı əhalinin bu növ nəqliyyat vasitələrindən istifadəyə təşviq edilməsi məqsədilə 35 km-ə yaxın mikromobillik zolağı salındığını diqqətə çatdırıb.
Həmçinin, taksi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklərin müsbət nəticələrinin müşahidə edildiyini bildirib.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bu təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: “Bakı Taksi Xidməti və ABB ilə əməkdaşlıq edərək Azərbaycanda şəhər mobilliyini təkmilləşdirməkdən qürur duyuruq. İnnovativ nəqliyyat həlləri təqdim edərək hər kəs üçün daha təmiz və əlçatan seçimlər yaratmağı hədəfləyirik.”
Bu tərəfdaşlıq vasitəsilə Mastercard, “Bakı Taksi Xidməti”, ABB və “APAR” Azərbaycanda şəhər həyatını yaxşılaşdırmaq, emissiyaları azaltmaq və dayanıqlı nəqliyyat həllərini təşviq etmək məqsədilə hər kəs üçün daha yaşıl bir gələcəyin qurulmasına töhfə verir.