Site icon Frame.az

Mastercard: son 5 ildə Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardan birində qərarlaşıb

Son 5 ildə Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardan birində qərarlaşıb

Mastercard Qlobal İqtisadiyyat İnstitutu 2023-cü ildə həm qlobal pərakəndə satış sektoru, həm də istehlakçı fikirlərini işıqlandıran hesabatını dərc edib. Dəyişən iqtisadiyyatın istehlakçı seçimlərinə təsirini, müştəri təcrübəsində məlumat analitikasının və geniş ödəniş variantlarının əhəmiyyətini izah edən hesabat həm də qlobal iqtisadi dünyagörüşü haqqında ipucları ehtiva edir.

Pandemiyanın ardınca qlobal pərakəndə satış sənayesi də bir transformasiya dövründən keçir. Pərakəndə satıcılar üçün bu prosesi yaxşı təhlil etmək, istehlakçıları anlamaq və onlara düzgün fərdiləşdirilmiş həll və ödəniş variantlarını təklif etmək həmişəkindən daha çox önəm daşıyır.

Mastercard-ın həm qlobal pərakəndə satış sənayesi, həm də istehlakçıların fikirlərini təhlil etdiyi Mastercard Qlobal İqtisadiyyat İnstitutunun 2023-cü il Pərakəndə Ticarət Trendləri Hesabatında dünya üzrə önə çıxan mövzular müzakirə olunur. Bu tendensiyalar iqtisadiyyatın istehlakçı seçiminə təsiri, müştəri təcrübəsinin formalaşmasında analitika və loyallığın rolunu, genişlənən ödəniş seçimləri və alış-veriş təcrübələrini əhatə edir.

Qlobal inflyasiyaya baxmayaraq, səyahət və qida-içki xərclərinin payı artacaq

Hesabata görə, qlobal inflyasiyanın artmasına baxmayaraq, bir çox istehlakçı səyahət və yeyib-içmək vərdişlərini davam etdirmək üçün gündəlik xərclərinin bir hissəsini azaldır. Araşdırmaya görə, artan ərzaq inflyasiyası istehlakçıları gündəlik ərzaq alış-verişlərində daha sərfəli mağazalara və brendlərə yönəldir. Dəbdəbəli istehlak adlandıra biləcəyimiz mebel, elektronika və geyim məhsullarında istehlakçılar xərclərini daha məhdud saxlayır və alış-verişlərini elektron ticarət kanalları üzərindən etməyə üstünlük verirlər.

Mastercard İqtisadiyyat İnstitutunun hesabatı göstərir ki, 2023-cü ildə səyahət və təcrübə xərclərinin ümumi istehlak xərclərindəki payı artacaq, lüks istehlakın payı isə azalacaq. Digər tərəfdən Mastercard məlumatlarına əsasən qlobal inflyasiya səbəbiylə uzun illər kredit kartlarından daha sürətli böyüyən debet kartları ilə edilən alış-verişlərdə yenidən kredit kartlarından istifadəyə meyllilik artmaqdadır. 

Bu proses artıq Azərbaycanda müşayət olunur. Belə ki, hesablamalara görə, debet kartları illərdir ki, Azərbaycanın ödəniş sistemləri bazarının əsasını təşkil edir, lakin kredit kartlarına həm sahib olmaq, həm də onların istifadəsində bir sıra məhdudiyyətlar mövcud olub. Ancaq son dövrdəki ikirəqəmli inflyasiya ilə eyni vaxtda borcların daha sonra ödənilməsini mümkün edən və hissə-hissə ödəniş təklif edən kredit kartlarının cəlbediciliyi də artıb. Bu vəziyyət sektor rəqəmlərində tez bir zamanda əks olunub. 2022-ci ildə kredit kartlarının sayı debet kartlarına nisbətən təxminən 2 dəfə daha sürətlə artıb və kart əməliyyatlarında kredit kartlarının nəzərəçarpacaq dərəcədə daha çox paya sahib olub. Yeni buraxılmış kredit kartlarının sərfəli təklifləri ilə bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir.

İstehlakçını anlamaq daha da vacibdir

İstehlakçılar mesajlar, sosial media, e-poçt və markaların reklamları kimi mobil marketinq vasitələri ilə müntəzəm olaraq əldə etdikləri məlumat axınını idarə etməyə çalışırlar. Digər tərəfdən, iqtisadi şərtlər, məlumatların məxfiliyi, inflyasiya, epidemiyalar və müxtəlif sosial problemlər səbəbindən pərakəndə satış şirkətlərinin getdikcə artan rəqabət mühitində istehlakçılarla təmas nöqtəsi yaratması getdikcə çətinləşir.

Hesabatda qeyd olunur ki, istehlakçı vərdişlərinin davamlı dəyişməsi səbəbindən pərakəndə satıcıların sürətli hərəkətə keçməsi və bütün addımların nəticələrini qiymətləndirməsi lazımdır, çox kanallı marketinq vasitələrindən istifadə edərkən proaktiv olmaq da bir o qədər vacibdir. 

Mastercard-ın təhlilinə görə,  son 5 ildə Azərbaycan kart ödənişlərinin artım tempinə görə dünyada ən üst sıralardan birində qərarlaşıb. Bunun ən bariz göstəricisi kart ödənişlərinin məişət istehlakındakı xüsusi çəkisinin 5%-dən 25%-ə yüksəlməsidir. Təbii ki, bu inkişafı şərtləndirən mühüm amillər var. Birincisi, bank ekosistemində fiziki şəxslərin sayının sürətlə artması və nəticədə ölkədə adambaşına düşən kartların ümumi sayının 5 ildə 2 dəfə çoxalmasıdır. İkinci amil ölkə üzrə kart qəbulu məntəqələrinin sayının artması və banklar tərəfindən səxavətli mükafat proqramlarının tətbiqi sayəsində kart əməliyyatlarında alış-verişin nağdlaşdırmanı üstələməsidir.  e-ticarətin artması və xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları alış-veriş üçün bank kartlarından istifadə etməyə sövq edir.

Fərqli ödəniş seçimləri loyallıq təmin edir

Mastercard İqtisadiyyat İnstitutu 2023 hesabatında bildirilir ki, elektron ticarət geniş yayılmadan və mağazadaxili ödənişlər üstünlük təşkil etməzdən əvvəl ödənişlər yalnız kart və ya nağd pulla həyata keçirilirdi. Bu səbəbdən də fərqli ödəniş seçimləri təklif etmək qabiliyyətinin 2023-cü ildə pərakəndə satıcılar üçün müştəri loyallığını artırmaq baxımından “açar həllərdən” biri olduğu qeyd olunur.

Təmassız kartlardan istifadə artıb

Pandemiya üz-üzə alış-veriş zamanı təmassız kart ödənişlərinin istifadəsini sürətləndirsə də, 2022-ci ilin mart ayında dərc edilən Mastercard Yeni Ödənişlər İndeksi (NPI) dünya üzrə istehlakçıların cəmi 44%-nin təmassız kart ödənişləri etdiyini qeyd edir. Həmçinin, NPI sorğusunda iştirak edən respondentlərin 64%-i 2023-cü ildə kart məlumatlarını əl ilə daxil etmək yolu ilə onlayn ödənişlər etmək ehtimallarının daha yüksək olduğunu bildirib.

NPI sorğusunun nəticələrini dəstəkləyən Mastercard İqtisadiyyat İnstitutunun 2023 hesabatına görə, elektron ticarətin gələcəyi indi kart emitentlərindən, ödəniş həlləri təminatçılarından və pərakəndə satıcıların mağazada təmassız kart istifadəsini elektron ticarətdə bir kliklə ödəniş standartı halına salmaq qabiliyyətindən asılıdır.

Mastercard-ın Azərbaycan üzrə məlumatlarının nəticələrinə görə, Azərbaycan smartfonlardan istifadə nisbətinə görə seçilən ölkədir – 70%-dən çox smartfon penetrasiyası ilə bir çox Avropa ölkələrini geridə qoyur. Bunun təsiri yeni ödəniş üsullarının sürətlə tətbiq edilməsində də özünü biruzə verir. Ölkədə ümumi kart əməliyyatlarının yarıdan çoxunu elektron ticarət təşkil edir və bu nisbət getdikcə artmaqdadır. Digər tərəfdən, 2021-ci ilin sonunda Apple Pay və 2022-ci ildə Google Pay istifadəyə verildikdən sonra fiziki alış-veriş üçün smartfonların istifadəsi də sürətlə mənimsənildi. Mövcud statistikaya görə, hər 7 fiziki ödəniş əməliyyatından 1-i smartfonlar üzərindən həyata keçirilir. İctimai nəqliyyat kimi yeni istifadə sahələrinin meydana çıxması ilə yaxın gələcəkdə smartfonlardan plastik kartlara nisbətən intensiv şəkildə istifadə ediləcəyini proqnozlaşdırmaq çətin deyil.

 

 

Exit mobile version