Milli teatrın yaranmasının 145 illiyi münasibətilə martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tədbir keçirilib.
Frame.az xəbər verir ki, teatrın direktoru, Xalq Artisti Azər Paşa Nemətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan sənət ocağının rəhbəri söyləyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.
Bildirib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Azərbaycan mədəniyyəti, o cümlədən teatrı daim dövlət qayğısı ilə əhatə olunur. Dövlətimizin başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib.
“Teatr sənətinin təbliği və inkişafı istiqamətində bu sənətdə sözünü demiş çoxsaylı sənətkarlarımız olub. Bu ənənə bu gün də davam etdirilir. Bu yöndə zəhməti olan sənətkarlar, təbii ki, dövlətimizin ən ali qayğısı ilə əhatələnib, müxtəlif mükafatlar və fəxri adlara layiq görülüblər. Bu diqqət və qayğı biz sənətkarları olduqca həvəsləndirir, daha da uğurlu işlərə imza atmağa sövq edir. Milli Teatr Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıram”, – deyə A.P.Nemətov vurğulayıb.
Tədbir çərçivəsində sənət ocağının bir sıra əməkdaşlarına diplom və mükafatlar təqdim olunub.
Sonra Milli Teatr Günü münasibətilə “Şah Qacar” tamaşasının premyerası olub. Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb. İkihissəli səhnə əsərində Xalq Artisti Laləzar Mustafayeva, Əməkdar artistlər Abbas Qəhrəmanov, Anar Heybətov, Elşən Rüstəmov, Ayşad Məmmədov, Aslan Şirin, Kazım Abdullayev, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Mətləb Abdullayev, Samirə Xanlarova, Canəli Canəliyev, Fəridə Şahbazova, Xədicə Novruzlu və İmran Əli Qurban çıxış ediblər.
Səhnə dekorasiyası, musiqi tərtibatı tamaşanı daha da maraqlı edib.