EventsMədəniyyətSərgiTəqdimat

Milli Xalça Muzeyində “İki Yulius” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “İki Yulius” sərgisi açılıb.

Sərginin adı Gülbenedə anadan olan iki məşhur rəssamın – Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr edilən və 2018-ci ildən etibarən hər il bu şəhərdə keçirilən festivalın adından götürülüb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ötən əsrin birinci yarısında Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur sənətkarlardan Yulius Straumenin adı Azərbaycan xalçaçılığı ilə də sıx bağlıdır. Qafqaz Kustar Komitəsində rəssamlıq şöbəsinin müdiri kimi onun tabeliyində bir çox yerdə, o cümlədən müasir Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin saysız-hesabsız eskizlərini və fotoşəkillərini toplayırdı. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizləri qrafik kağız üzərində çəkmək fikri ona aiddir.

Bildirib ki, Yulius Straume Azərbaycanda pedaqoji fəaliyyətlə də məşğul olub. O hətta Şuşada rəssamlıq məktəbində dərs deyib.

Şirin Məlikova qeyd edib ki, Azərbaycanla Latviya arasında mədəni körpü quran Yulius Straumenin eskizləri Azərbaycanın xalçaçılıq tarixini özündə qoruyub saxlayan nadir, qiymətli irsdir. Sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunur. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.

Nümayiş olunan eksponatlar haqqında məlumat verən Şirin Məlikova bildirib ki, sərginin əsas hissəsini Straume və Maderniksin eskizləri əsasında hazırlanmış müasir tekstil və çini əsərləri təşkil edir. Bunlar “Saxsa” Xalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corablar və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.

“Sərgi çərçivəsində Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssislərinin xüsusi olaraq bu sərgi üçün hazırladığı uşaqlar üçün proqramlar yer alacaq”, – deyə Şirin Məlikova əlavə edib.

Latviyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Biz bu sərgini çoxdan gözləyirdik. Sərgini təşkil etdiyi üçün Xalça Muzeyinə təşəkkür edirəm. Yulius Straume incəsənət sahəsində müəllim işlədiyi dövrlərdə Azərbaycan xalqının rəğbətini qazanıb. O həyatını böyük bir hissəsini Azərbaycan xalçalarının çeşnilərini toplamağa həsr edib. Onun eskizləri dünyanın bir neçə ölkələrində saxlanılır”.

Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyinin direktoru Valda Darqais sərgi haqqında Latviyada keçirilən festival zamanı məlumat aldığını söyləyib: “Şirin Məlikova məni Bakıya dəvət edərkən məmnuniyyətlə “İki Yulius” sərgisində iştirak edəcəyimə söz verdim. İndi Yulius Maderniks və Yulius Straumenin eskizlərinə baxmaqdan zövq alıram”.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva sərgi çərçivəsində başlanan konfransın əhəmiyyətindən danışıb, bu cür sərgilərin bölgə muzeylərində də keçirilməsinin vacibliyini söyləyib.

Qeyd edək ki, sərgi Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət və Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi keçirilir.

Sərgi gələn il yanvarın 6-dək ziyarətçilər üçün açıq qalacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!