Beynəlxalq Muğam Mərkəzinin (BMM) bahar əhvallı “Muğam axşamları” layihəsinin növbəti konserti təqdim olunub.
Muğam Mərkəzindən Frame.az-a bildirilib ki, böyük maraqla qarşılanan layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. “Muğam axşamları”nın budəfəki proqramında BMM-in solistləri Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva “Şur” muğamını və “Qarabağ şikəstəsi”ni təqdim ediblər. Solistləri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Vüsal Bayramov müşayiət ediblər.
Qeyd edək ki, musiqi mövsümü ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmani”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab”, “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. “Muğam axşamları” konsertləri BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq nəticəsində radio dinləyicilərinə, eyni zamanda, “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.
Xatırladaq ki, layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq səviyyədə işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədirlər.
Layihənin növbəti konserti aprelin 17-də təqdim olunacaq.