Aprelin 9-da və 11-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən “Muğam – 2019” VII Televiziya Muğam Müsabiqəsinin beşinci turu tamamlandı.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.
Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.
İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Beşinci turun mövzusu məşhur şair-qəzəlxan Hacı Mailın qəzəlləri idi.
Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli sənətkarlar Qulu Əsgərovun və Bakir Haşımovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.
Müsabiqə iştirakçılarını müşayiət edirdilər: tarda Rəşad İbrahimov və Rüstəm Müslümov, kamançada Təbriz Yusubov və Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov.
Beşinci turun nəticələrinə görə – Tariyel Vəliyev, Hüseyn Səba, Faiq Əkbərov, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, Nəcibə Məmmədova, Vəliş Mirzəyev, Suma Tapdıqova, Murad Rüstəmzadə, Rəvan Qaçayev, İlahə Rüstəmova 63 bal, Mehin Qarayeva, Zibər Zamanova 62 bal, Qələm Qocamanova, Türkanə Nəcəfova 61 bal, Zaur Mürsəlov və Əfqan Mahmudov 60 bal topladılar.
Müsabiqənin şərtlərinə görə ən az bal toplayan iştirakçılar Zaur Mürsəlov və Əfqan Mahmudov yarışmanı tərk etdilər. Beləliklə, 15 iştirakçı qaldı.
Müsabiqənin altıncı turu aprel ayının 16-da və 18-də keçiriləcək.
Frame.az