EventsTeatrTəqdimat

Musiqili Teatr azyaşlı tamaşaçıları üçün bayram hədiyyəsi hazırlayır

Milli Teatr Gününü premyera ilə qeyd etmək Azərbaycan Dövlət Musiqili Teatrında, artıq ənənəyə çevrilib. Teatrın builki bayram hədiyyəsi balaca tamaşaçıları üçün hazırlanıb.

Martın 9-10-u saat 12:00-da yaradıcı kollektiv balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə gələcək. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam – Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim olunacaq.

Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o indi tamam fərqli aspektdən yanaşıb: “Uzun illər “Buratino” filminin şöhrət qazanmasını nəzərə alaraq, ona səhnə həyatında daha böyük məsuliyyətlə və xüsusi özəlliklə yanaşmışam. Filmdə səslənən bəstəkar Aleksey Rıbnikova məxsus olan musiqi nömrələri bu tamaşada orijinal variantda yer alıb və ən əsası, mahnının sözləri doğma dilimizdə təqdim olunacaq. Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayevin ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq. İnanıram ki, dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanan “Buratino” Musiqili Teatrın təqdimatımda bizim sevimli tamaşaçılarımız üçün də əsl bayrama çevriləcək”.

Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!