EventsMədəniyyətTeatrTəqdimat

Musiqili Teatr yeni tamaşanın premyerasına hazırlaşır

Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.

18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.

Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında “Psix” tamaşasına baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər. Kollektiv sifarişlər qəbul olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!