Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Boris Qrafkinin 80 yaşı tamam olub. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, təqribən 60 ildir ki, Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən B. Qrafkinin 80 illik yubileyi qeyd olunub.
Tədbiri açıq elan edən yubliyarın həmkarı, bir çox tamaşalarda tərəf-müqabili olan Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulax B. Qrafkinin həyat və yaradıcılığı haqqında çıxış edib. S. Bulax aktyorun ifa etdiyi rolların həmişə tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılandığını xüsusi vurğulayıb. “Artıq 58-ci mövsümdür ki, Boris Fyodoroviç əziz Musiqili Teatrımızın səhnəsinə çıxır. Nəzərə alsaq ki, həm də onun hazırda 80 yaşı var, bu, hər aktyora nəsib olan hal deyil. Mən bütün kollektivimiz adından cənab Qrafkini yubileyi münasibərilə təbrik edir, ona uzun ömür, can sağlığı, bundan sonra da daha da gümrah olmağı arzulayıram”, – deyə Əməkdar artist Svetlana Bulax bildirib.
Daha sonra Boris Qrafkinin iştirakı ilə ünlü macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası tamaşaçılara təqdim olunub. Yubiliyar tamaşada əsas rollardan birini – Knyaz Volyapuk obrazını canlandırıb. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.
Qrafkin Boris Fyodoroviç 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə A. Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunub. Ömrünün 60 ilə yaxın dövrünü teatra həsr edən B. Qrafkin tamaşaya qoyulan bütün klassik operettaların, müasir əsərlərin əsas ifaçılarından olub.
O, həmçinin rejissor kimi bir sıra tamaşalara quruluş verib. Boris Qrafkin 2000-ci ildə Əməkdar artisit fəxri adına layiq görülüb. 2013-cü ildə “Tərəqqi medalı”, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” və Azərbaycan Teatr Xadimləri ittifaqının “Sənətkar” medalı ilə təltif olunub.
Frame.az