FestivallarMədəniyyətTeatrTəqdimat

Musiqili Teatrda Bərdia Kiyarəsin məşqləri

Bir neçə gündür ki, ölkəmizdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək.

Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu müasibətlə artıq bir müddətdir ki, Bakıda olan məşhur dirijorun Musiqili Teatrda orkestr və aktyorlarla kollektiv və fərdi məşqləri davam edir.

“Musiqili Teatrın çox gözəl kollektivi var. Burada əsl yaradıcı mühitin şahidi oldum. Qızğın məşq prosesindəyik. Böyük Üzeyir Hacıbəylinin dünya şöhrətli əsərlərinə dirijorluq etmək həmişə mənim ən böyük arzum olub. İstəyirəm ki, hər şey yüksək səviyyədə olsun. İnanıram ki, çıxışımız tamaşaçıların ürəyincə olacaq. Boş vaxtlarımda Bakı ilə tanış oluram. Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Tam səmimi deyirəm ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir”, – deyə Bərdia Kiyarəs söyləyib.

Qeyd edək ki, B. Kiyarəs 1979-cu ildə anadan olub. 4 yaşında ikən atası ona sənturda ifa etməyi öyrədib. 12 yaşından Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan skripka dərsi almağa başlayıb. 1995-ci ildə Şiraz şəhərindəki Tehran Gənclər Orkestri ilə Vivaldinin “Dörd mövsüm” skripka konsertini ifa edib. 1997-ci ildən IRIB orkestrində birinci skripka kimi çıxış edib, simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqilər yazıb. Daha sonarlar Tehranın müxtəlif musiqi kollektivlərində birinci skripkaçı və konsertmeyster kimi çıxış edib.

Almaniyanın Köln şəhərində professor Koçutanın rəhbərliyi altında çalışıb. 2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüdür. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrüek Festivalında çıxış edib. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı olub. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi çıxış edib. İki təqaüdə layiq görülən Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub. Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru və bədii rəhbəri kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. “Budən və Nəbudən” (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu nəşr olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!