MədəniyyətTeatrTəqdimat

Musiqili Teatrda bir gündə 2 premyera

Azərbaycan Dövlət Musiqili Teatrında “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşanın premyerası olacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, teatrın Yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib.
Maraqlı hadisələrlə zəngin olan tamşanın premyerası bir gündə 2 dəfə – 2 iyun tarixində saat 12.00 və 15.00-da baş tutacaq. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatındakı rolunu dinamik və əyləncəli süjet xətti vasitəsilə balaca tamaşaçılara çatdırmaqdır. Uşaqların sevimli qəhrəmanlarının tamaşada görünməsi daha çox maraq doğurur. Kapitan Kruk yanlış məlumat əsasında Piter Peni həbs etmək istəyərkən çaya yıxılır. Bu zaman onun əlini timsah yeyir. Və bu, kapitan Krukun Piter Penə düşmən kəsilməsinə səbəb olur. Getdikcə bu mənasız düşmənçilik böyük bir ədavətə çevrilir. Bu arada onların yaşadığı şəhərcikdə vals yarışması təşkil olunur. Piter Penin sevgilisi Vendi çox gözəl bir qızdır. Onlar bu yarışmada iştirak etməyə qərar verirlər. Hamı onların qalib gələcəyinə inanır. Bunu eşidən kapitan Kruk Piter Penin sevgilisi Vendini qaçırır. Məhz bundan sonra xeyirxahlıqları və cəsurluqları ilə dünyaya səs salan Bremen musiqiçiləri işə qarışmalı olur. Və gözlənilmədən axarı dəyişən hadisələrin cərəyanı pik həddinə çatır…
Tamaşada rolları teatrın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Dəniz Tacəddin, Zarina Qurbanova, Cəlalə Novruzlu, Fərid Rzayev, Murad Əliyev, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Pərvin Dadaşova və Elməddin Dadaşov ifa edirlər. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu-rəssamı Afaq Bayramova, rejissorları Elməddin Dadaşov, Anar Sadıqov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev, Yelena Ağayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sevinc Məmmədovadır.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!