TeatrTəqdimat

Musiqili Teatrın İslamiadanın ilk həftəsi üçün REPERTUARI

Açılış mərasimi 12 may tarixində baş tutacaq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara bu gündən etibarən start verilib. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr İslamiada ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk həftəsində Dövlət Musiqili Teatrında 9 tamaşa nümayiş olunacaq. 9, 10, 11, 12, 13, 14 may tarixlərində saat 12.00 və 19.00-da “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Mənim günahım” (İ. Əfəndiyev), “Fransızsayağı qarnir” (M. Kamoletti), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Ər və arvad” (Ü. Hacıbəyli) tamaşaları təqdim ediləcək. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, yarış iştirakçıları, turistlər Ə. Haqverdiyevin “Kimdir müqəssir?”, Ü. Hacıbəylinin “Ər və arvad”, R. Hacıyevin “Talelər qovuşanda” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcəklər. Musiqili Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb.

Belə ki, 11 may tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri böyüklər, 14 may tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy, A. Xaytın “Bir dayan, canavar!” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Həmçinin O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri 13 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Emma Məlikova, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Çingiz Əhmədov, İlham Hüseynov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Aydan Həsənova, Elməddin Dadaşov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Elnarə Nağdəliyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!