CinemaEventsMədəniyyətTəqdimat

Nizami Kino Mərkəzində “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olub

Noyabrın 10-da Nizami Kino Mərkəzində şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olub.

Sənədli film Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Təqdimatda çıxış edən filmin rejissoru Rəhim Sadıqbəyli 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə görə müzəffər Ordumuza və Ali Baş Komandana təşəkkür edib. Azərbaycan dövlətinin hər zaman xaricdə yaşayan soydaşlarımızın yanında olduğunu deyən rejissor bildirib ki, bu, onlar üçün ikiqat məsuliyyətdir: “Çalışırıq ölkəmizi hər zaman layiqincə təmsil edək. Bu baxımdan təqdim olunan film də unikallığı ilə seçilir. Mikael Silkeberq ötən il Şuşa, Füzuli və Ağdamda oldu, fotolar çəkdi. Həmin ilin fevral ayında Azərbaycanın İsveç-Norveç və Finlandiyadakı səfiri Zaur Əhmədovun təşəbbüsü ilə Stokholmda sərgi təşkil edildi. Sərgidən sonra isə biz filmi ərsəyə gətirdik. Biz filmi, həmçinin İsveçin İctimai kanalı vasitəsilə nümayiş etdirdik. Filmin ərsəyə gəlməsinə dəstək olan təşkilatlara və bu gün bizim Bakıya gəlişimizi təşkil edən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.

Mədəniyyət Nazirliyinin İnteraktiv və audiovizual media şöbəsinin müdiri Rüfət Həsənov Vətən müharibəsi və Şuşaya həsr olunan filmlərdən söz açıb. Bildirib ki, nazirlik Vətən müharibəsi mövzusunda 30-a yaxın layihə gerçəkləşdirib: “Bu günlərdə Xalq artisti Vaqif Mustafayevin bu mövzuda filmi “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında ən yaxşı rejissor işi mükafatına layiq görülüb. Həmçinin nazirlik Bakı Media Mərkəzi və İctimai Televiziya ilə birgə filmlər ərsəyə gətirib ki, onların da hər biri böyük maraqla qarşılanıb. Bu gün izləyəcəyimiz “Xarıbülbül əfsanəsi” sənədli filminə də “Böyük qayıdış” prizmasından baxdıqda əhəmiyyətini görə bilərik. Filmin önəmi həm də odur ki, bu, bir azərbaycanlı rejissorun deyil, xarici kino adamının baxışı ilə təqdim olunur. Biz filmdə dahi şəxsiyyətlərimizi xarici vətəndaşın gözü ilə görəcəyik. Belə ki, Mədəniyyət paytaxtımız – Şuşa şəhərinə həsr olunmuş sənədli filmin çəkilməsi məqsədilə İsveçin məşhur fotoqraf və sənədli film mütəxəssisi Mikael Silkeberq, İsveçdəki Azərbaycan diasporunun üzvü, sənədli film mütəxəssisi Rəhim Sadıqbəyli tərəfindən Şuşa şəhərində çəkilişlər aparılıb və Şuşanın tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr götürülüb. Aparılan çəkilişlər və müsahibələr əsasında M.Silkeberqin müəllifliyi ilə Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisi Şuşa şəhərinin mədəni və ədəbi həyatına, burada doğulmuş, yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş “Xarıbülbül əfsanəsi” sənədli filmi ərsəyə gəlib. Biz nazirlik olaraq Azərbaycan kino sənayesinə dəstəyimizi əsirgəmirik və bizimlə çalışan bütün əlaqədar qurumlara təşəkkürümüzü bildiririk”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının nümayəndəsi Emil Əhmədov yaradıcı heyəti təbrik edərək bildirib ki, “Xarıbülbül əfsanəsi” adlı sənədli filmin bugünkü təqdimatının Azərbaycan xalqı üçün müqəddəs məkan olan Şuşa şəhərinin azad edildiyi, habelə şanlı Zəfərimizin 2 illiyinin yenicə qeyd olunduğu tarixlə üst-üstə düşməsi özü bir simvolik məna daşıyır: “Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycan öz mədəniyyəti, tarixi, incəsənəti ilə tanınan ölkəyə çevrilib. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Heç şübhəsiz, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması da eyni məqsədlərə xidmət edən növbəti tarixi qərardır”.

Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinin qeyd olunduğunu deyən Emil Əhmədov bildirib ki, ötən dövr ərzində Azərbaycan UNESCO-nun prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynayıb, dünyanın müxtəlif yerlərində təşkilatın nəcib missiyasını dəstəkləyib. Azərbaycan bu gün iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, eləcə də UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm və etibarlı tərəfdaşa çevrilib.

“Şuşa İli” çərçivəsində UNESCO üzrə Milli Komissiyası tərəfindən ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirildiyini söyləyən Emil Əhmədov diqqətə çatdırıb ki, cari ildə Azərbaycanın bir sıra xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə birgə beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabı ingilis, fransız, ərəb, bolqar, yunan, latış, tacik dillərinə tərcümə edilərək nəşr olunub. Bu gün təqdimatı keçirilən, Azərbaycanın İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn “Xarıbülbül əfsanəsi” sənədli filmi də məhz bu layihələrin davamıdır”.

Filmin operatoru Mikael Silkeberq çıxışı zamanı Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək Şuşanı Şərqlə Qərbi birləşdirən mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırıb. Müəllif filmin ərsəyə gəlməsində dəstək olanlara və nümayişə qatılanlara minnətdarlığını bildirib.

Çıxışlardan sonra film nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ, Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğamı və təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!