EventsFashionMədəniyyətSərgi

Norveçdə Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş olunub

Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə tanınmış modelyer, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” milli geyim kolleksiyası nümayiş etdirilib.

Tədbir Oslonun məşhur “Cosmopolite” səhnəsində nümayış olunub. Kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və “Şuşa ili”nə həsr olunub.

Kolleksiyanın müəllifi Azərbaycanın milli geyim stili, qədim naxışlar, milli atributika, Xarı Bülbül gülü və bütövlükdə Qarabağ regionunun geyim ənənələrinin əks olunduğu kolleksiya ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Mərasimdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış edərək Qarabağa həsr etdiyini şeirini oxuyub. Ardınca, Norveçdə fəaliyyət göstərən “Alaturka” Türk qadın xoru, Azərbaycan milli və bəstəkar mahnılarını ifa edib. Tədbir əsnasında qonaqlara Azərbaycanın Qarabağ bölgəsi və bu bölgənin ölkəmizin tarixi, mədəniyyətindəki yeri barəsində ətraflı məlumat verilib.

“Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək mənim üçün həmişə böyük şərəfdir. Azərbaycan milli geyimləri bizim tariximiz, ənənələrimiz, mədəniyyətimiz və fəxrimizdir. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Milli geyimlərin formalaşmasında və inkişafında Qarabağın mühüm əhəmiyyət kəsb etdiyi Azərbaycanın müxtəlif regionlarının xüsusi rolu olmuşdur. Azərbaycanın bu bölgəsinin xüsusiyyətlərini müxtəlif geyimlərdə kolleksiyamda təqdim etməyə çalışdım”, – deyə Gülnarə Xəlilova bildirib.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan, İsveç və digər ölkələrdə uğurla təqdim olunmuşdu.

VİDEO – https://www.youtube.com/watch?v=-3rD0CVCeUQ&t=4s

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!