Nizami Kino Mərkəzində “Hava Övladı” animasiya filminin təqdimatı keçirilib. Təqdimatda Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri də iştirak edib.
Filmin rejissoru və ssenaristi “Sənin adın”, “Buludların Ardınca”, “Gözəl Sözlər Bağı”, “Saniyədə 5 santimetr” və.s animasiya filmlərinin müəllifi olan məşhur yapon rejissoru Makoto Sinkay-dır.
Film Hodaka adlı gənc oğlanın və Hina adlı gənc qızın hekayəsindən bəhs edir.
Hodaka Tokio şəhərinə gəlib burada iş axtarır. Çətinliklə özünə qəzet redaksiyalarının birində iş tapır. Tokio-da fasiləsiz yağan yağışlar isə səngimək bilmir. Şəhər get-gedə iflic olmaq üzrədir. Günlərin bir günü səs-küylü paytaxtın arxasında Hodaka, Hina adlı bir qızla tanış olur. Yaşayış vəziyətləri çətin olan Hina, kiçik qardaşı ilə birlikdə yaşayır, lakin nikbinliyini və ruh möhkəmliyini heç vaxt itirmir. O həm də sirli bir gücə sahibdir.
Animasiya filmi gənc oğlanla qızın hekayəsindən bəhs etməklə yanaşı Tokionun gözəllikləri, təbiət peyzajları ilə zəngindir.
Qeyd edək ki, Makoto Sinkay-ın bu filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında Yaponiyadan OSKAR Mükafatına namizəddir.
Əminliklə qeyd edə bilərik ki, bu animasiya filmi dünya animasiya filmləri tarixində yeni bir istiqamətdir və o layiq olduğu mükafatı mütləq alacaqdır.