SağlamlıqTəqdimat

Ötən il əhalinin 47%-i icbari tibbi sığortadan yararlanıb

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən hesabatlara əsasən, 2022-ci ildə 4,5 milyon şəxsə icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilib. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 44 136 303 olub və bu göstərici 2021-ci il ilə müqayisədə 92% artım deməkdir. Ötən il tibb müəssisələrinə 17 836 873 müraciət daxil olub. Müraciətlər üzrə tibbi xidmətlərin 84%-i ambulator, 16%-i isə stasionar şəkildə göstərilib. 

2022-ci il ərzində göstərilən bu tibbi xidmətlərin böyük hissəsi Sumqayıt Tibb Mərkəzinin payına düşür. Ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında daha sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır. Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs və həzm sisteminin xəstəlikləri gəlir. 

2022-ci ildə dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı 2021-ci il ilə müqayisədə 2 dəfə artaraq 354 260 təşkil edib. Qeyd edək ki, dövlət tibb müəssisələrində ən çox icra olunan cərrahi əməliyyatlar sırasında həzm, ginekoloji, uroloji, göz və ürək-damar sistemində aparılan əməliyyat və prosedurlar yer alır.

Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində qarşılamaq məqsədilə müqaviləli tibb müəssisələri də prosesə cəlb edilir. Belə ki, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə Agentliyin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir.

Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlara gəldikdə, 2021-ci il ilə müqayisədə ötən il bu göstərici 4 dəfə artaraq 111 301 olub. Həmin xidmətlər sırasında sayca oftalmologiya (37 006), ürək-damar cərrahiyyəsi (30 150) üzrə əməliyyatlar və invaziv radioloji xidmətlər (26 633) çoxluq təşkil edib.

Agentlik Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Onların icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən növbədənkənar yararlanmasına şərait yaradılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ötən il 12 730 şəxsə 199 162  tibbi xidmət göstərilib.

Tibbi xidmətlərin keyfiyyətinə təsir edən maddi-texniki bazalara gəldikdə isə instrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən ötən il  ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Müasir tibbi avadanlıqların sayının artırılması vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə, müalicəyə cəlb edilməsinə və xəstəliklərin dəqiq diaqnozunun təyininə yönəlib.  

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!