Site icon Frame.az

Özbəkistanda dövlət xidmətləri “ASAN xidmət” modeli əsasında təkmilləşdirilir

7-10 aprel 2021-ci il tarixində Özbəkistan Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında 2019-cu ildə imzalanmış Anlaşma Memorandumunun implementasiya çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və rəqəmsal hökumət çərçivəsində görülmüş işlər, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilməkdə olan digər layihələr ilə yaxından tanış olmaqdır.

Qeyd edək ki, Anlaşma Memorandumunun məqsədi Özbəkistanda mövcud olan Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsidir.

Səfərin ilk günü Özbəkistan nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Səfər çərçivəsində, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Özbəkistanın Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyev arasında görüş baş tutub. Görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 43 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.

Görüşdə tərəflər arasında imzalanmış Anlaşma Memorandumun icrası çərçivəsində Özbəkistan Respublikası Dövlət Xidmətləri Agentliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, həmin xidmət mərkəzlərinin əməkdaşlarına “ASAN xidmət”in ekspertləri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi, habelə startaplar, sosial innovasiyalar, rəqəmsallaşma sahəsində ölkəmizin təcrübəsinin Özbəkistan tərəfinə ötürülməsi məsələləri müzakirə edilib.

Səfər zamanı qonaqlara Dövlət Agentliyinin struktur bölmələri, eləcə də “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “ABAD” publik hüquqi şəxs və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri tərəfindən geniş təqdimatlar edilib. Həmçinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

Səfər proqramı ərzində Özbəkistan nümayəndə heyəti Şamaxı “ASAN Həyat” kompleksinin fəaliyyəti ilə tanış olub.

Özbəkistan Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin Özbəkistan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

Frame.az

Exit mobile version