İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29 may – 02 iyun tarixlərində Özbəkistan Respublikasında səfərdə olub.
Səfərin məqsədi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu (Fond) ilə dayanıqlı əməkdaşlıq əlaqələri qurmaq və icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi aparmaq olub.
Zaur Əliyev, Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov və Fondun icraçı direktoru Farrux Şaripov arasında keçirilən görüşdə qurumlararası əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
A.İnoyatov ölkələrimiz arasında strateji tərəfdaşlığın ildən-ilə inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib.
F.Şaripov Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlarla bağlı təcrübəsinin onlar üçün çox maraqlı olduğunu vurğulayıb: “Sizin səfəriniz ölkələrimiz arasında həm iqtisadi, həm də sosial sahədə strateji əlaqələrin inkişafının məntiqi davamıdır. Rəhbərlik etdiyiniz qurumun fəaliyyəti və təşkilati strukturu Fondumuzun fəaliyyətinin təşkili üçün nümunə olmuşdur. Əminəm ki, təcrübə mübadiləsi fəaliyyətimizin səmərəliliyinin artırılmasına, həm səhiyyənin maliyyələşdirilməsinə, həm də biznes proseslərinin rəqəmsallaşdırılmasına imkan verəcək”.
Zaur Əliyev göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından həmkarına təşəkkürünü bildirib. Daha sonra Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında özbəkistanlı həmkarına geniş məlumat verib:
“Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hədəfimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə zəmanət verən universal tibbi sığortanı təmin etməkdir. Təcrübəmizi sizinlə bölüşə bildiyimiz üçün çox şadıq, çünki yeniliklərin tətbiqi prosesində həmişə birlikdə həll edilməli olan çətinliklər olur. Təcrübəmizə əsaslanaraq, biz Özbəkistandakı həmkarlarımızla əməkdaşlıq etməkdən məmnun olarıq”.
Daha sonra hər iki qurumun nümayəndələri icbari tibbi sığorta ilə bağlı təqdimatlarla çıxış ediblər. Agentliyin əməkdaşları tərəfindən iştirakçılara Xidmətlər Zərfi ilə təminata alınan və alınmayan tibbi xidmətlər, icbari tibbi sığorta fondunun maliyyə mənbələri və xərclərin əsas istiqamətləri, tibbi iddiaların idarə edilməsi, göndərişlərin verilməsi qaydası, tibb müəssisələrinin elektronlaşdırılması haqqında məlumatlar verilib.
Nümayəndə heyəti həmçinin Daşkənd, Sırdərya və Qulistan şəhərlərində fəaliyyət göstərən dövlət tibb müəssisələrində icbari tibbi sığortanının tətbiqi ilə tanış olublar.
Məlumat üçün bildirək ki, Özbəkistanda icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçirilir. Pilot layihə kimi icbari tibbi sığorta 2021-ci ildə Sırdərya vilayətində tətbiq olunmağa başlanıb. Cari ilin 1 iyul tarixindən icbari tibbi sığorta Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında, Daşkənd şəhərində, Səmərqənd, Nəvai, Surxandərya və Fərqanə vilayətlərində tətbiq olunacaq. 2025-ci ildən isə icbari tibbi sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub.