Site icon Frame.az

“Özün yarat” müsabiqəsinin qalibləri sabah elan ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı “Özün yarat” müsabiqəsinin qalibləri sabah elan ediləcək.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, “Özün yarat” platformasında keçirilən ilk müsabiqəyə 200-dən çox müraciət daxil olub. Platforma, bu il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə əməkdaşlığı çərçivəsində təsis edilib. Məqsəd Azərbaycanda daha çox insanı tullantıları azaltmağa dəstək olmaq üçün yenidən istifadəyə həvəsləndirməkdir.

Onlayn mükafatlandırma mərasimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Nümayəndəliyi və BMT-nin İnkişaf Proqramının “Facebook” səhifələrində 22 avqust, saat 11:00-da başlayacaq. Hər saatın əvvəlində bir sıra qaliblər elan ediləcək və ilk üç yerin qalibi, müvafiq olaraq 3000 AZN, 2000 AZN və 1000 AZN mükafatlarının sahibi də gün ərzində açıqlanacaq.

“Özün yarat” platforması Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan EUforClimate regional təşəbbüsünün bir hissəsi olaraq istifadəyə verilib.

Frame.az

Exit mobile version