Site icon Frame.az

Paytaxt sakinləri ödənişsiz çimərlikləri tərcih edir

“ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Abşeron yayının yaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey də var ki, bu da çimərlik mövsümüdür. Cəmi bir neçə ay davam edən mövsümü hər kəs dəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə isə qaralmaq üçün üz tutur Xəzərin sahilinə.

Sorğu nəticəsində bəlli oldu ki, paytaxt sakinlərinin yarıdan çoxu yayda çimərliyə üz tutur (62 %). Dənizə üz tutanlar arasında 35-44 yaş aralığında olan respondentlər üstünlük təşkil edir (73 %).

Dənizə gedənlərin əksəriyyəti ödənişsiz çimərliklərə üstünlük verir (44 %). Ödənişli çimərlikləri bəyənənlər nisbətən azdır (31 %). Respondentlərin dörddə biri isə çimərliklər arasında fərq qoymur – həm ödənişli, həm də ödənişsiz çimərliklərə üz tutur (25 %).

Dənizə alternativ göstərilən akvapark isə respondentlər arasında çox da sevilmir. Belə ki, rəyi soruşulanların cəmi 31 %-i yayın istisinə akvaparkda sərinlik qatır.  Akvaparksevərlər isə əsasən gənc nəslin (18-24 yaş aralığı) nümayəndələridir (57 %).

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Frame.az

Exit mobile version