Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.
Təmir-bərpa işlərinə martın 23-ü, saat 06:00-da start veriləcək və bu proses martın 25-i gecə saatlarınadək davam edəcək. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq.
Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.
Frame.az