“Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Qobustan Milli Tarix-Bədii Qoruğunun xarici tərəfdaşlarla müştərək həyata keçirdiyi “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinə yekun vurulub.

Bu münasibətlə avqustun 24-də Qobustan Milli Tarix-Bədii Qoruğunda layihənin yekunlarına dair mətbuat konfransı təşkil edilib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, layihə çərçivəsində aparılan uğurlu tədqiqat işləri nəticəsində Qobustanın daha geniş öyrənilməsi üçün böyük elmi əhəmiyyət kəsb edən zəngin və maraqlı artefaktlar aşkar olunub. Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən “Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilib.

Diqqətə çatdırılıb ki, qayaüstü tədqiqatlar zamanı İtaliya və İspaniyadan 10-a yaxın professor və elm işçiləri dəvət olunub. Tədqiqatlara, həmçinin qoruğun elmi işçiləri və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tədqiqatçıları da cəlb edilib: “Məqsəd Qobustanın arxiv fondunun zənginləşdirilməsidir. Bəşəriyyətin ilkin dövrlərini öyrənmək baxımından qlobal mahiyyət kəsb edən Qobustan qayaüstü rəsmləri yalnız XX əsrin əvvəllərində aşkarlanıb. Bu unikal abidə barəsində dünyaya ilk dəfə məlumat verən şəxs tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövrlərinin tədqiqatçısı İshaq Cəfərzadə olub. İkinci Dünya müharibəsi ərəfəsində- 1939-cu ildə Qobustanda tədqiqat aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü rəsmləri – petroqlifləri aşkar edib. Qobustanın tədqiq olunması da elə həmin vaxtdan başlanır. İshaq Cəfərzadə ilə yanaşı digər tarixçi alimlər- arxeoloq Cəfərqulu Rüstəmov və onun həyat yoldaşı Firuzə Muradova da həyatlarının 35 ilini Qobustanın öyrənilməsinə həsr ediblər. Onların apardığı tədqiqatlar nəticəsində minlərlə qayaüstü təsvirlər aşkar olunub. Budəfəki qazıntılar zamanı isə ən vacib tapıntılar – Mezeolit dövrünə aid insan sümüyü və 5-6 yaşlı uşağın ayaq sümüyü olub.

Müasir texnologiyalardan istifadə etməklə bildiyimizdən daha çox artefaktları üzə çıxartmaq imkanı əldə edirik. Daha 20 yeni rəsm aşkarlandı. Məlum oldu ki, bir rəsmin üzərində ibtidai insanlar yeni rəsmlər çəkib”.

Vurğulanıb ki, layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə xidmət edir.

İspaniyanın Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodríguez bildirib ki, onun rəhbərlik etdiyi qrup əsasən “Ana zağa” mağarası ərazisində tədqiqatlar aparıb. O, tədqiqatlar nəticəsində 7 təbəqənin aşkar edildiyini vurğulayıb. Bildirib ki, bu təbəqələr Qobustan ərazisində insanların yaşama xronologiyası ilə üst-üstə düşdür.

Onun sözlərinə görə, buradakı Neolit təbəqəsi maldarlıqla məşğul olan qədim tayfalara təsadüf edir: “Bu təbəqədə apardığımız tədqiqatlar nəticəsində minlərlə artefakt aşkar etdik. Əsasən at, öküz sümükləri, keramika, saxsı qablar, ocaq izləri aşkar etmişik ki, onların sayəsində bu ərazidə yaşayan insanların həyat tərzi haqda fikir yürüdə bilərik. Ən vacib tapıntı Neolit dövründən aşağıda qazıntılar zamanı bizim üçün maraq doğuran 5-6 yaşlı uşağın ayaq sümüyünün qalığıdır ki, bunu Mezeolit dövrünə aid edirik. Düşünürəm ki, tapılan uşaq sümüyü Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin eksponatları arasında öz yerini tutacaq. Mezeolit dövründən də qədimə gedən təbəqələr var, ancaq bunu dəqiqləşdirmək üçün analiz aparılmalıdır. Bütün bunlar ilkin nəticələrdir. İşin böyük hissəsi laboratoriyalarda davam edəcək”.

Sonra media nümayəndələri üçün “Ana zağa” mağarasına gəzinti təşkil olunub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: