Qətərdə Azərbaycan turizmi təbliğ edilir

Azərbaycanın turizm imkanları noyabrın 20-də Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatı çərçivəsində çempionatın azarkeşləri və Qətər vətəndaşlarına tanıdılır.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, çempionatla bağlı “Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsas götürülərək azarkeşlərə müxtəlif platformalarda Azərbaycan haqqında məlumat verilməkdədir.

Reklam xarakterli məlumatlar hazırda çempionatda iştirak etmək hüququ almış bütün ölkələrin “Facebook” və “Google” platformalarının istifadəçiləri üçün əlçatandır.

Hədəf auditoriyasından olan azarkeşlər reklamın üzərinə klik etməklə “Azerbaijan.travel” saytında yaradılmış xüsusi səhifəyə (https://azerbaijan.travel/qatar-world-cup) keçid edirlər və ölkəyə səfər etmək üçün praktiki məlumatlar, viza və bilet seçimləri, görməli yerlər, o cümlədən səyahət təklifləri və paketlərlə tanış olurlar.

Sosial media ilə yanaşı, reklam xarakterli məlumat, həmçinin “CNN”, “Euronews” media kanallarında, “Wego” və “Expedia” kimi qlobal platformalarda da yayımlanır.

Məlumatlılığı artırmaq məqsədi ilə Qətərin Doha, Əl-Rayan və Lusail şəhərlərində müxtəlif məkanlarda bilbordlar, rəqəmsal bannerlər və ekranlarda yerləşdirmələr edilib.

Reklam bannerləri Əl-Rayan şəhərində, Dohadakı böyük və qədim Əl-Saad yaşayış məntəqəsində və Lusail şəhərinin ən böyük və lüks hesab edilən “Vendome” alış-veriş mərkəzində yerləşdirilib.

Çempionatın keçiriləcəyi 20 noyabr – 20 dekabr tarixlərini əhatə edəcək təbliğat kampaniyası çərçivəsində çempionata ev sahibliyi edən Qətərin öz vətəndaşlarını Azərbaycan haqqında məlumatlandırmaq üçün isə səyahət seçimləri təklif edilən “Regency Travel” şirkətinin veb-səhifəsində və Qətərin ən çox dinlənilən radio kanalı “Habaeib 93.7 FM”də reklam yayımlanır.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: