Site icon Frame.az

Qarabağ xalçaları şüşə üzərində canlanacaq

Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün “Al-əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi keçiriləcək.

Frame.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Sağlam Düşüncə” gənclər təşkilatının və “IB Club” Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə Bakı və Şəmkir şəhərlərində baş tutacaq.

Layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.

Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətinin, xüsusilə Qarabağ xalçaçılıq məktəbinin göz oxşayan ecazkarlığını cəmiyyətə çatdırmaq üçün şüşə üzərində təsvir olunacaq Qarabağ xalçaları gənc həvəskar rəssamlar tərəfindən çəkilir.

Qeyd edək ki, artıq sərgilənəcək rəsm əsərləri tamamlanmaq üzrədir. Layihə çərçivəsində ilk sərgi sentyabrın 28-də Şəmkir şəhərində fəaliyyət göstərən “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzindəki Müasir İncəsənət Qalereyasında baş tutacaq. Növbəti sərginin isə oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Sərgi haqda daha ətraflı məlumatı layihənin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.

 

Exit mobile version