Site icon Frame.az

“Qarabağ”dan tarixi qələbə

Avqustun 1-də Ağdamın “Qarabağ” komandası səfər oyununda Moldovanın “Şerif” klubuna 2:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının ”play-off” mərhələsinə vəsiqə qazanıb.

Frame.az xəbər verir ki, oyuna fəal başlayan Moldova komandası bir neçə real qol imkanı yaratsa da, bundan yararlana bilməyib. Müdafiədə dəqiq oynayan “Qarabağ” qapısını toxunulmaz saxlayıb və tədricən təhlükəli əks-hücumlar təşkil edib. Matçın 39-cu dəqiqəsində Qara Qarayevin cərimə zərbəsi qapıdan bir qədər aralı keçib. Bundan dörd dəqiqə sonra Donald Qeryenin güclü zərbəsini rəqib komandanın qapıçısı çətinliklə dəf edib. Nəhayət, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə komandamızın hücumçusu Dino Ndlovu hesabı açıb.

Oyunun 86-cı dəqiqəsində “Qarabağ” klubu hesab arasındakı fərqi artırıb. Rəqib komandanın qapısından ikinci topu Ansi Aqolinin gözəl ötürməsindən sonra yarımmüdafiəçi Miçel keçirib. “Şerif” təsəlli qolunu oyuna əlavə edilmiş dəqiqələrdə 11 metrlik cərimə zərbəsi ilə vurub. Oyun komandamızın xeyrinə başa çatıb və bu nəticə “Qarabağ”ın növbəti mərhələyə adlaması üçün kifayət edib (0:0;2:1).

Bundan əvvəl üç dəfə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksələn Qurban Qurbanovun yetirmələri növbəti cəhddə uğur qazanaraq Azərbaycan futbol həvəskarlarına böyük sevinc yaşadıb.

Xatırladaq ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın “Samtredia” komandasını mübarizədən kənarlaşdırmışdı (5:0;1:0).

Exit mobile version