Site icon Frame.az

Qarabağlı icma nümayəndələri üçün ustad dərsləri keçirilib

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Leyla Khazari” art qalereyasında Qarabağlı icma nümayəndələri üçün ağac oyma sənəti üzrə təlim və ustad dərsləri təşkil edib.

Təlimin əvvəlində İctimai Birliyin sədri Aytən Həsənova tərəfindən iştirakçılara ölkəmizdə ağac oyma sənətinin yaradılması, inkişaf tarixi və müasir dövrdəki durumu haqqında məlumat verilib. Qeyd  edib ki, işğal dövründə Qarabağdan olan sənətkarların əksəriyyəti köçkün həyatı yaşadığına görə, başqa sahədə fəaliyyət göstərməyə məcbur olaraq davamçılarını yetişdirə bilməyiblər. Bu səbəbdən “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi növbəti fəaliyyətini qayıdış prosesində iştirak edən vətəndaşlarımızın və xalq sənətkarlığına həvəsli olan şəxslərin dəstəklənməsinə həsr edib.

Daha sonra taxtaoyma üzrə peşəkar sənətkar Azər Əsədov təlim iştirakçılarına taxta üzərində oymanın əsaslarını izah edərək, bu sənətin baza texnikasını, əsas oyma qaydalarını nümayiş etdirilib. Həmçinin, iştirakçıların özlərinin də taxta üzərində oyma ilə naxış salmasına yardım göstərilib. Ustad dərslərindən sonra təşkilatın marketinq mütəxəssisləri sənətkarların sahibkarlar kimi fəaliyyətinə yardım məqsədilə yerli və xarici bazara çıxış yolları barədə danışıblar.

Qeyd edək ki, təlimdən öncə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İB nümayəndələri məlumatlandırma kampaniyası çərçivəsində Qarabağ icmaları ilə görüşlər keçirərək, təlim iştirakçılarını müəyyənləşdiriblər.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə dəstəyilə icra edilən layihənin məqsədi Qarabağa qayıdacaq şəxslər arasında sənətkarlar və ümumiyyətlə yeni peşəyə sahib olmaq istəyən şəxslərə kömək etməkdən ibarətdir. Layihənin növbəti mərhələsində turistlərin kütləvi ziyarət etdiyi məkanlardan birində ağac oyma, dulusçuluq, qurama və digər sahələr üzrə sənətkarların əl işlərinin satış-sərgisi təşkil ediləcək.

Exit mobile version