Site icon Frame.az

Qazaxstanın Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda

12-15 aprel tarixlərində Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bilbirib ki, Mədəniyyət Günlərinin açılış mərasimi 12 aprel tarixində saat 19.00-da Musiqili Teatrda baş tutacaq. Tədbirin rəsmi hissəsindən sonra Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. “Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda Mədəniyyət Günləri ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “TÜRKSOY” Beynəlxalq Təşkilatının dəstəyi ilə baş tutan Mədəniyyət Günləri çərçivəsində aprelin 12-15-də Bakı və Şəki şəhərlərində bir sıra mədəni tədbirlər keçiriləcək.

Qızıl Orda Filarmoniyasının konserti, Qızıl Orda Vilayətinin N. Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Getməyəcəksən! Vəssalam, getməyəcəksən…” tamaşası Azərbaycanlı tamaşaçılara təqdim olunacaq.

İnanırıq ki, bu tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq”, – deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.

Frame.az

Exit mobile version