Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, mayın 9-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
A.Ələkbərov çıxışında bu tədbirin müasir müstəqil dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə əlamətdar olduğunu qeyd edib. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə ciddi önəm verən Dahi Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçdiyi, məhz onun müəyyənləşdirdiyi milli sərhəd mühafizəsi konsepsiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin hazırkı xidməti nailiyyətlərin əsasını təşkil etdiyi vurğulanıb.
Xalqımızın tarixində 9 May gününün İkinci Dünya müharibəsində faşizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlıqla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olduğu qeyd edilib.
Son iki ayda işğaldan azad edilmiş ərazilərimizdə 10 yeni hərbi hissənin açılışının keçirilməsinin, bu hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonra tədbir iştirakçıları hərbi hissədə xidmətin təşkili üçün yaradılmış şəraitlə tanış olublar.
Tədbirin sonunda xidməti fəaliyyətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif ediliblər.