EventsMobil dünyaTəqdimatƏn SonƏn Son

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib.

Frame.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş sahə əməkdaşlarına dövlət mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib.

“İnanıram ki, əməyinə verilən bu yüksək qiymət hər bir sahə işçisini daha məsuliyyətli olmağa, böyük motivasiya və əzmlə çalışmağa sövq edəcək”, – deyə nazir vurğulayıb.

Rəşad Nəbiyev əlavə edib ki, sovet hakimiyyəti dövründə və müstəqil Azərbaycanda rabitə sektorunun inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində innovativ layihələrin tətbiqi geniş vüsət alıb.

Tədbirdə nazirliyin ötən il əldə etdiyi nailiyyətlər, xüsusilə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər haqqında məlumat verilib. Bildirilib ki, 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib. 2024-cü ilin sonunadək evlərin 100 faizi müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.

2021-ci ildə avtomobillərə “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü qaydaları dəyişdirilib, dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə ötən il ərzində təxminən 50 faiz ərazidə “4G” mobil texnologiyaların şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Eyni zamanda, 1400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir. Hazırda 1500 kilometrdən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.

Nazir çıxışının sonunda 2022-ci ildə rəqəmsallaşma və nəqliyyat sahəsində həyata keçirilməsi nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirin davamında 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuş şəxslərə dövlət mükafatları təqdim olunub.

Bununla yanaşı, Prezident İlham Əliyevin 2021-ci il 23 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə RİNN-nin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.

Sonra Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!