Ramin Kuliyevin və Heyran Mustafazadənin “Sarı adam” albomu buraxılıb

Azərbaycan diasporu öz nailiyyətləri ilə tarixi Vətəndəki soydaşlarını sevindirir. Diaspor nümayəndələri arasında yaradıcı insanlar – bəstəkarlar, rəssamlar, yazıçılar, heykəltəraşlar az deyil. Xaricdə yaşayan azərbaycanlıların növbəti uğuru barədə hər bir xəbər xalqımızın istedadına və yaradıcı təbiətinə görə qürur hissi doğurur.

Ramin Quliyev Çexiyada yaşayan azərbaycanlı bəstəkar, Heyran Mustafazadə isə həmin ölkənin paytaxtında yaşayan istedadlı rəssamdır.

Onlar birlikdə “Yellow Man” (“Sarı adam”) adlı yeni musiqi albomu yaradıblar.

Müəlliflər məhz bu adı seçmələrini onunla izah edirlər ki, onların nəzərdə tutduğu sarı adam musiqi rəngləri vasitəsilə duyğular və emosiyalar yaradır. Əslində belə bir albom yazdırmaq ideyası eyniadlı “Yellow Man” əsəri bəstələnəndən sonra meydana çıxıb. Məhz həmin anda bəstəkar belə bir albom üzərində işləməyi qərara alıb.

Ramin etiraf edib ki, bu əsərin adı meşədə gəzərkən ağlına gəlib. O deyib: “Biz hamımız müəyyən emosiyalar yaşayırıq. Bəzən özümüz də hiss etmədən bu duyğular qəlbimizdə yer alır. Sanki sürətlə gedən bir qatardayıq və pəncərədən o tərəfdə olanları görməyə macal tapmırıq. Hər bir gülü, çiçəyi ağacı, daşı, insanı görməyə çalışmaq lazımdır. Bizim həyatımız və həyat barədə təəssüratımızı bu anlar və duyğular əsasında formalaşır. İnsan təkcə həyati vurnuxmalarla kifayətlənməməlidir, axı bu həyatda gözəlliklər çoxdur. Sadəcə onları görmək lazımdır”.

Albomun yazılması konsepsiya ilə sıx bağlıdır. Royal eyni vaxtda yeddi mikrofona yazılıb. Onlardan altısı royalın daxilində müxtəlif yerlərdə, biri isə royalın altında qoyulmuşdu. Bəstəkarın sözlərinə görə, burada məqsəd ondan ibarət idi ki, dinləyici özünü royalın daxilində hiss etsin, simlərin, ağacın rezonansını, klavişlərin, mexanizmin və pedalın səslərini duysun. Bəstəkar deyib: “Bütün bu səslər bizim əsərin tərkib hissələridir. Dinləyicinin diqqəti təkcə melodiya üzərində deyil, həm də başqa səslər üzərində cəmləşir. Məsələn konsert salonlarında dinləyicilər bu imkandan məhrumdurlar, onlar yalnız olduqları məkanın səslərini eşidirlər”.

Heyran Mustafazadə albomum cildinin yaradılması prosesi barədə fikirlərini bölüşüb. Rəssam deyib: “Ramin öz kompozisiyasından qısa bir hissəni mənə göndərəndə mənim fikrimdə onun musiqi vasitəsilə ifadə etdiyi hissləri vizual şəkildə çatdırmaq ideyası yarandı. Mən bu təklifimi ona bildirdim. Bir müddətdən sona Ramin yazdı ki, albom olacaq, albomun adı artıq məlumdur, qalan məsələlərin həlli üçün əsəri özümün dinləməyimi təklif etdi. “Sarı adam” rəsmi üzərində işin nə qədər davam etdiyini dəqiq deyə bilmərəm. Lakin bir məsələni qəti deyə bilərəm ki, “bu dalğaya köklənmək”, nəyə görə, məsələn, “göy adam” və ya “qırmızı adam” deyil, məhz “sarı adam” variantını seçməyimizi anlamaq üçün xeyli vaxt lazım gəldi.

Bu rəngin xüsusiyyəti nədən ibarətdir? Bu xüsusiyyət müəyyən xarakterlə, fərdi münasibətlə bağlı deyil, bəlkə də tam əksinə – ən ümumi, mücərrəd və ekspressiv xarakter daşıyır. Bu, konkret insanın portreti deyil, musiqinin özünün, dinləyicini cəlb edən, onun sanki əriyib getdiyi sehrli axının portretidir”.

Əlavə olaraq bildirək ki, Ramin Quliyevin elektron, kamera və orkestr əsərləri 2018-ci ildən Yanaçek adına Musiqi və İfaçılıq Sənəti Akademiyasının layihələri çərçivəsində Niderlandda və Çexiyada ifa edilir.

Ramin Quliyev festivalların treylerləri, animasiya filmləri və teatr pyesləri üçün musiqi yazır. Bəstəkar həm də “AnimaFilm” studiyasının seçim komissiyasının üzvüdür.

2020-ci ildə Ramin Quliyevin “Dream” adlı ilk albomu işıq üzü görüb. “Yellow Man” (“Sarı adam”) bəstəkarın sayca ikinci albomudur. Hazırda Ramin Quliyev özünün üçüncü albomu üzərində işə başlayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: