Idman

“Real Madrid” 12-ci dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib oldu

Kral klubu finalda Turinin “Yuventus” komandasını 4:1 hesabı ilə məğlub edib

İyunun 3-də Madridin “Real” və Turinin “Yuventus” komandaları arasında keçirilən final qarşılaşması ilə UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünə yekun vurulub. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 4:1 hesabı ilə qalib gələn “Real Madrid” komandası UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün çempionu olub.

Frame.az Azərtaca istinadən xəbər verir ki, Kardiff şəhərindəki Uels milli stadionunda keçirilən final matçından əvvəl “odlu-alovlu” şou ilə müşayiət olunan mərasimdə məşhur “Black Eyed Peas” qrupu 15 dəqiqəlik konsert proqramı ilə çıxış edib.

Oyun ilk dəqiqələrdən sürətli hücumlarla başlayıb. Qarşılaşmanın əvvəlində daha fəal oyun nümayiş etdirən “Yuventus” rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Lakin ilk hissənin ortalarına doğru oyunda tarazlığı bərpa edən “Real Madrid” matçın 20-ci dəqiqəsində hesabı açıb. Madridlilərin təşkil etdikləri sürətli hücum nəticəsində Daniel Karvahalın ötürməsindən sonra Kriştiano Ronaldonun güclü zərbəsi müdafiəçi Bonuççiyə toxunduğundan Buffon üçün əlçatmaz olub – 1:0.

Portuqaliyalı forvard bu qolla UEFA Çempionlar Liqasında üç ayrı final qarşılaşmasında qol vuran futbolçu kimi rekordları sırasına yenisini də əlavə edib. Bu qol “Real Madrid” üçün də əlamətdar olub. Belə ki, kral klubu UEFA Çempionlar Liqasında 500 qol vuran ilk komanda kimi tarixə düşüb.

Qoldan sonra hər iki komanda daha açıq oynamağa başlayıb. Hesabı bərabərləşdirmək üçün irəli atılan turinlilər matçın 27-ci dəqiqəsində istəklərinə çatıblar. “Yuventus” futbolçularının gözəl kombinasiyasından sonra Hiquanın ötürdüyü topu sinəsi ilə saxlayan xorvatiyalı legioner Mario Mandzukiç “qayçı” zərbəsi ilə topu qapıçının başı üzərində tora göndərib – 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan madridlilər ikinci hissənin ortalarına yaxın dörd dəqiqə ərzində iki qol vuraraq matçın taleyini həll ediblər. Qarşılaşmanın 61-ci dəqiqəsində “Yuventus”un müdafiəçilərindən qayıdan topa uzaq məsafədən qüvvətli zərbə endirən Kasemiro “Real”ı yenidən hesabda irəli çıxarıb – 2:1. Bu qoldan üç dəqiqə sonra isə Luka Modriçin sağ cinahdan ötürdüyü topa müdafiəçidən daha əvvəl özünü yetirən Kriştiano Ronaldo özünün ikinci, komandasının isə üçüncü qolunu rəsmiləşdirib – 3:1. Bu qol sayəsində ulduz futbolçu cari mövsümdə UEFA Çempionlar Liqasında Lionel Messini qabaqlayaraq ən çox qol vuran oyunçu olub – 12 top.

Görüşün 83-cü dəqiqəsində “Yuventus”un heyətində Kuadrado ikinci sarı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub.

Oyunda son nöqtəni matçın 90-cı dəqiqəsində “Real”ın gənc futbolçusu Marko Asensio qoyub. Sürətli driblinqlə “Yuventus”un cərimə meydançasına daxil olan Marselonun ötürməsindən sonra Asensio dəqiq zərbə ilə Buffonu növbəti dəfə məyus edib – 4:1.

Bununla da matç Zinəddin Zidanın yetirmələrinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Real Madrid” qitənin ən nüfuzlu klub turnirində 12-ci çempionluğunu rəsmiləşdirib. Kral klubu UEFA Çempionlar Liqasında ardıcıl iki dəfə çempion olan komanda, Zinəddin Zidan isə bu uğura imza atan baş məşqçi ünvanına sahib olub.

“Yuventus” isə Çempionlar Liqasının finalında ən çox məğlub olan komanda ünvanını özündə saxlayıb. Belə ki, bu, turinlilərin finallarda yeddinci məğlubiyyətidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!