“Red Bull” dünya çempionatı ərəfəsində yeni bolidini ictimaiyyətə təqdim edib
Qarşıdakı mövsümə hazırlaşan “Red Bull” komandası dünya çempionatı ərəfəsində yeni bolidini ictimaiyyətə təqdim edib.
Avstriya komandası indiki məqamda bolidin bütün keyfiyyətlərini nümayiş etdirməkdən boyun qaçırıb. Komanda RB18 adlı yeni bolidinin yalnız şəkillərini paylaşıb.
Yeni mövsümdən tətbiq olunacaq texniki reqlamentə əsasən, komandaların yarış maşınlarında bəzi dəyişikliklər olacaq. Bu mənada “Red Bull” da yeni qaydalara uyğun bolid hazırlayıb. Xatırladaq ki, növbəti mövsümdə də son dünya çempionu Maks Ferstappen və meksikalı pilot Serxio Peres “qırmızı öküzlər”in “sükan arxası”nda əyləşəcək.
Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatında çıxış edən “Red Bull” yeni sponsorla anlaşıb. Nüfuzlu “Assoşieyted Press” agentliyinin məlumatına görə, ABŞ-ın “Oracle” şirkəti ilə beşillik müqavilə imzalayan Avstriya təmsilçisi bu müddət ərzində 500 milyon dollar qazanacaq. Bununla yanaşı, şirkətin adı komandanın rəsmi adına əlavə ediləcək.