Şəkidə yanğın hadisəsi baş verib
Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur: “Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edirlər”.
İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq, təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsuliyyəti hiss etməyə çağırıb.