Site icon Frame.az

Şəkidə turistlər kəlağayı hazırlanmasını müşahidə edəcəklər

Azərbaycanın ipəkçilik mərkəzi olan Şəkidə turistlərin özləri ilə ən çox alıb apardığı məhsullardan biri də kəlağayıdır.  Xarici qonaqlar böyük maraqla kəlağayılarla tanış olur və rəngarəng baş örtüklərini hədiyyə alıb aparırlar. Turistləri həmçinin kəlağayının hazırlanma prosesi də maraqlandırır. Şəkidə isə bu təcrübəni tətbiq edən çox azsaylı emalatxana var. 

“Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyinin layihəsi çərçivəsində Şəkidə kəlağayı sənətini yaşadan sənətkar Əmiraslan Şamilovun emalatxanası məhz bu məqsədlə abadlaşdırılıb. Dövlət Turizm Agentliyinin dəstəyilə icra edilən layihə çərçivəsində emalatxanada təmir, həyətində abadlaşdırma işləri aparılıb, həyətinə yeni darvaza qoyulub, gülvurma və  boyaq sexində elektrik xətləri çəkilib, kombi istilik sistemi quraşdırılıb, emalatxana  yeni avadanlıqlar və mebellərlə təchiz olunub. 

Layihə çərçivəsində Şəkidə təşkil olunan təqdimat mərasimində “Azər İpək” MMC-nin Boyaq bəzək istehsalatının müdiri Qüdrət Quliyev çıxış edərək Şəkili sənətkarlar, onların işlətdiyi kəlağayı qəlibləri və anlamları haqqında geniş məlumat verib. “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun da təşkilati dəstəyilə keçirilən təlimdə ekspert Elşən Mustafayev kəlağayı qəlibləri haqqında indiyədək həyata keçirilən elmi araşdırmalar, onların nəticələri barədə çıxış edib. Tədbirdə yerli peşə məktəbini tələbələri, Şəki muzeylərinin, elmi fondlarının əməkdaşları iştirak ediblər. 

Əmiraslan ustanın emalatxanasında həm də Şəkidən olan tələbələr üçün praktiki və nəzəri təlimlər təşkil olunub. Nəzəri təlimlərdə peşə məktəbindən seçilən tələbələrə kəlağayı sənətinin əhəmiyyəti, UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmə səbəbləri, bu sənəti qorumanın önəmi və digər məqamlar barədə söz açılıb. Praktiki təlimlərin yekununda tələbələrdən bir neçəsinin Əmiraslan ustanın yanında işə götürüləcəyi planlaşdırılır. 

Layihə çərçivəsində turistlər üçün kəlağayı emalatxanası haqqında məlumatı əks etdirən çap məhsulu da hazırlanıb. Qeyd edək ki, layihənin məqsədi həm Şəkidə sənətkarlara dəstək vermək, şəhərdə turizm nümayiş obyektlərinin sayını artırmaq, həm qədim kəlağayı məhsulunun hazırlanmasını təbliğ edərək məhsula tələbatı artırmaq, həm də seçilmiş tələbələrə qədim kəlağayı sənətini öyrədərək sənətin gənc nəsilə ötürülməsinə və yaşamasına töhfə verməkdən ibarətdir. 

 

Exit mobile version