Beynəlxalq Muğam Mərkəzində “SABAH” İncəsənət festivalının bağlanış mərasimi keçirilib
İyunun 11- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illi yubileyinə həsr olunmuş “SABAH” İncəsənət Festivalının bağlanış mərasimi keçirilib.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı.
Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi, “SABAH” qrupu, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akaemiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə layihəsi çərçivəsində reallaşıb.
Festivalın ilk günündə ADMİU-nun “SƏDA Tədris”teatrında göstərilən AXC-nin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman”tamaşası, İçərişəhər Qoşa Qala qapısında pantomim və ustad dərsləri, müxtəlif musiqili proqramlar icimaiyyətə açıq elan olunmuşdur.
Festivalın məqsədi savadlı, bacarıqlı mütəxəssislərin hazırlanmasından ibarətdir.2014-cü ildə başlamış “SABAH” layihəsi çərçivəsində dörd ali təhsil müəssisəsinin BMA, ADMİU, AZMİU, ADRA-nın iştirakı ilə festivallarda, simpoziumlarda və qastrollarda ölkəmizi təmsil etmişdilər.
Mərkəzin foyesində AZMİU və ADRA-nın əl işləri və BMA-nın tələbələrinin ifasında canlı musiqi nümayiş olundu.
Daha sonra ADMİU-nin IV kurs “SABAH” qrupunun tələbələri M.F.Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını oynadılar.
Festivalın rəsmi hissəsində Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov çıxış edərək festivalın məqsədindən, yaradıcı gənclərin fəaliyyətinə göstərdiyi müsbət təsirdən söhbət açdı və tələbələrə mükafatlar təqdim etdi.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi nömrələri səsləndi.
Frame.az