Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə peşəkar kardioloq həkimlərdən ibarət səyyar komanda iyunun 1-dən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Füzuli rayonunun Horadiz qəsəbəsində növbəti humanitar aksiyaya start verib. Onlar Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müayinəsini həyata keçirirlər.
Milli Məclisin deputatı, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, həkim-kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin qatıldığı aksiya 3 gün davam edəcək. “Hər zaman olduğu kimi, yenə də dövlətimizin səhiyyə sahəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihəsi ilə buraya gəlmişik. “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında 20-yə yaxın həkimin iştirakı ilə Dövlət Gömrük Komitəsi Tibb İdarəsinin səyyar tibb maşını bütün avadanlığı ilə birlikdə Cocuq Mərcanlıya və Horadizə yola çıxıb. 3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq. Problemi olan uşaqların gələcəkdə Bakıdakı böyük tibb mərkəzlərində problemlərinin həlli istiqamətində addımlar atılacaq”, – deyə Rəşad Mahmudov əlavə edib.
Aksiya çərçivəsində, həmçinin “Uşaq xəstəlikləri diaqnostika və müalicəsində yeniliklər” adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçirilir.
Frame.az