Site icon Frame.az

“Şekspir xalçası” müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi elan olundu.
Azərbaycan Xalça Muzeyində “British Council” Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Xalça Muzeyinin Uilyam Şekspirin 450 -ci ildönümü münasibətilə elan etdikləri “Şekspir xalçası” müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib ki, müsabiqənin təşkili Azərbaycan xalqının və dövlətinin Şekspir yaradıcılığına verdiyi böyük töhfədir: “Biz bu müsabiqəni böyük qürurla elan etmişik və şadam ki, müsabiqə uğurla başa çatdı. Statistik hesablamalara görə, dünyada hər dəqiqə hansısa məkanda Şekspirin əsərləri oynanılır. Azərbaycan da Şekspir yaradıcılığına böyük diqqət görürəm. Eyni zamanda qeyd edə bilərəm ki, müsabiqənin münsifi olmaqdan böyük zövq aldım. Azərbaycan “Şekspir Xalçası” müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir”.
Sonra “British Council”-un direktoru Elizabet Uayt və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik ediblər.
Qeyd edək ki, layihənin icrasına may ayında başlanılıb, may-iyul ayları arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət nümayəndələri tərəfindən 60-dan çox dizayn təqdim olunub. Onların arasından 15 ən kreativ iş “British Council”-un rəsmi “Facebook” səhifəsində yayımlanıb.
Mərasimdə müsabiqənin hər kateqoriyası üzrə qaliblərə mükafatlar təqdim edilib, bütün iştirakçılara isə sertifikatlar verilib. Bildirilib ki, son nəticələrə görə qalib gəlmiş üç iştirakçının dizaynı əsasında xalçalar toxunacaq.
Müsabiqədə birinci yer çıxmış Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, hazırda Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı Telman Şıxiyev isə Londonun V&A Muzeyinə və Şekspirin “Qlobus” teatrına səyahətlə mükafatlandırılıb.

Frame.az

Exit mobile version