17 noyabr 2022-ci il tarixində Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi səfir Vera Vukiçeviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, “ABAD” publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 58 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Dövlət Agentliyi ilə Serbiyanın müvafiq qurumları arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.