EventsMədəniyyətSərgiTəqdimat

Şuşada latviyalı rəssamın “Qarabağ atları” adlı rəsm sərgisi açılıb

Aprelin 28-də Şuşada latviyalı rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin açılışı olub.

Sərgi Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Azərbaycanda səfərdə olan Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks sərginin açılışında iştirak edib.

Rəsm sərgisinin açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa ölkəsi ilə Azərbaycan arasında əlaqələrin bir çox istiqamətdə, o cümlədən humanitar sahədə inkişaf etdiyini bildirib. Bu əlaqələrin tarixən mövcud olduğunu vurğulayan V.Buşa qeyd edib ki, dünyaşöhrətli latviyalı rəssam Yuli Straume 1907-1923-cü illərdə Şuşada yaşayıb, burada dərs deyib. O, öz əsərlərində Qarabağ ornamentlərindən istifadə edib.

Tədbirdə çıxış edən xanım rəssam Dase Ştrausa Qarabağda, Şuşada olmaqdan məmnunluğunu, Qarabağ atlarının gözəlliyinə heyranlığını bildirib: “Mən bundan sonra da Qarabağ atlarını çəkəcəyəm. Onların gözəlliyini və möhtəşəmliyini bütün dünyaya göstərmək istəyirəm”.

Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks qeyd edib ki, at dostluq, azadlıq və müdriklik rəmzidir. Bu sərgi Azərbaycanın Şuşa şəhərinə qayıdışının, sülhün və sabitliyin göstəricisidir.

Şuşada görülən bərpa-quruculuq işləri ilə tanış olan qonaq deyib: “Burada həyata keçirilən bərpa işləri ilə tanış oldum. Görülən işlər məni valeh etdi”.

Tədbirdə “Vətən” musiqi qrupunun ifası dinlənilib.

Səfər çərçivəsində Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi məkanları ilə tanış olub. Qonaqlara Ermənistanın işğalı zamanı dağıdılmış binalar, o cümlədən Xanqızı Xurşidbanu Natəvanın evi barədə məlumat verilib. Latviya nümayəndə heyətinin üzvləri bərpa prosesində olan Gövhər Ağa məscidi, bərpa olunmuş Şuşa qalası, Xalq artisti Bülbülün ev-muzeyinə baxıb və Cıdır düzündə olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!