Oxu zalıSosialTəqdimat

“Sevgi” -adlı qısametrajlı sosial film- Fərqanə Qasımlı

İlk öncə hər kəsin Ramazan bayramını təbrik edirəm. Əslində bu sosial çarxı uşaqlar gününə hazırlayacaqdım, amma tam yekunlaşdıra bilmədim. Məni bu videonu çəkməyə vadar edən səbəb yaxından tanıdığım 9 -cu sinif şagirdi olan 16 yaşlı qızın və onun kimi onlarla məktəbli uşaqların mənasız səbəblərə görə intihar etməsidir. Bu intharların səbəbi valideynlərdən qaynaqlansa da, onlar səbəbləri başqa yerlərdə axtarırlar.

19 ilin pedaqoqu kimi hər şagirdimin xasiyyətini, istedadını kəşf etmək üçün onların xəbərləri olmadan izləyib valideyninin belə ünsiyyət qura bilmədiyi övladıyla çox rahatlıqla ünsiyyət qurardım. Onların daxili aləmlərinin nə qədər kəşfedici və yaşlarının az olmağına baxmayaraq valideynlərinin yaxşı və pis davranışlarını bizim düşünmədiyimiz qədər təhlil edib qərar verdiklərini və bunun onların həyatlarına böyük bir təsiri olduğunu bilən və bilməyənlər var. Adətən ibtidai sinif müəllimlərini ikinci anaları kimi görən şagirdlər məni də öz anaları kimi gördüklərindən onların sirdaşlarına çevrilmişdim.

Onu deyim ki, artıq gənc nənəyəm. İlk dərs dediyim şagirdlərimin övladları var. Öz kiçik dünyalarının sevinc və kədərlərini hər zaman mənimlə bölüşdüklərindən kiminin dərs oxumaq istəməməsini, kiminin heç bir uşaqla ünsiyyətə girə bilməməsinin və yaxud dərsi öyrənib sinifdə danışa bilməməsinin səbəbini tez bir vaxtda aradan götürməyə müvəffəq olurdum. Ancaq valideynlər bu səbəbləri uşağın müəllimədən qorxduğu kimi qiymətləndirsələr də, əslində belə deyil. Bu problemin ailədən, şagirdin evdə yaşadıqlarından, valideyn ünsiyyətindən qaynaqlanmasıdır. Valideynin başı seriala, sosial şəbəkələrə qarışdığından uşağı asan yoldan idarə etmək hissiylə müəllimə ilə hədələyirlər. Nəticədə uşaq müəlliməni görəndə sanki küpəgirən qarı görür. Ancaq unutmayaq ki, şagird müəlliməylə 5 saat, valideynlə 19 saat olur. Filankəsin uşağı yaxşı oxuyur, sən pis oxuyursan, iki alıb evə gəlsən səni öldürəcəm deyib hədələyirlər. Öldürmək sözünü körpə beyinlərinə təlqin etməyin fəsadlarını bu gün cəmiyyət yox, fərqinə belə varmadan valideynlər edirlər. Bu haqda yazdıqca yazsam qurtarmaz.

Bu qısametrajlı sosial filimdə şagirdlərimin evdəki problemlərindən, kiminin atasının hər gün anasını döydüyündən, atasını istəmədiyindən evə getmək istəməyib mənimlə qalmasından, kiminin anasının yemək bişirməməsindən, qonşularda olmasından, bu üzdən məktəbə ac gələrək, soruşandakı sənə nə olub, qulağıma ac olduğunu deməsindən, kiminin atam deyir ki, əsil kişi araq içər, siqaret çəkər, mən də böyüyəndə fəxrlə atam kimi olacam deyən, anasının bişirdiklərini gətirib uşaqlarla paylaşan, hər zaman dalaşanları ayıran, daim üzü gülən, müəlliməsinə Quran kitabı hədiyyə edən şagirdlərimdən gördüklərimə, eşitdiklərimə biganə qalmayaraq mesaj vermək istəmişəm.

Belə bir atalar sözü var: övlad ailənin güzgüsüdür.

Unutmayaq ki, güzgü bizi əks etdirir.

Allaha əmanət olun.

Fərqanə Qasımlı

Frame.az

http://https://www.youtube.com/watch?v=Al2-_953wbE

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!