Site icon Frame.az

“Sığorta Festivalı 2024”ün növbəti tədbiri Sumqayıtda baş tutub

24 avqust 2024-cü il tarixində “Sığorta Festivalı 2024”ün növbəti tədbiri Sumqayıt şəhərində yerləşən “Göyərçin parkı”nda baş tutub. “Həyat sığorta ilə rahat” devizi altında keçirilən bu festival, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Sumqayıt sakinləri və qonaqları üçün hazırlanan tədbir proqramı maarifləndirici və əyləncəli anlarla zəngin olub. Festival iştirakçıları əvvəlcə “DJ Proxxy”in enerjili musiqiləri ilə rəqs edərək, əsl bayram atmosferini yaşayıblar. Daha sonra aparıcı tərəfindən sığorta mövzusunda məlumatlar təqdim edilib və sual-cavab oyunu vasitəsilə iştirakçıların sığorta barədə bilikləri sınanıb. Həmçinin iştirakçılar “Jenga” və “Ball Labyrinth” kimi oyunlar oynayaraq, sürpriz hədiyyələr qazanıblar.

“Sığorta Festivalı 2024” ölkənin aparıcı sığorta şirkətlərini bir araya gətirərək, müxtəlif sığorta məhsulları haqqında əhalini maarifləndirməyi hədəfləyir. Festivalın bu tədbirində də “Edutainment” formatında təqdim olunan məlumatlar vasitəsilə iştirakçılar sığorta məhsulları haqqında faydalı biliklər əldə ediblər.

Qeyd edək ki, “Sığorta Festivalı 2024” ün açılış mərasimi 17 avqustda Bakıda baş tutub. Sumqayıtdan sonra festival 30 avqustda Lənkəranda, 6 sentyabrda Naxçıvanda və 14 sentyabrda Gəncədə keçiriləcək. Gəncədə baş tutacaq möhtəşəm bağlanış mərasimində sevilən ifaçı “Hiss”in konserti festivalın finalını daha da yaddaqalan edəcək.

Xatırladaq ki, Azərbaycanda ilk “Sığorta Festivalı” 2023-cü ildə keçirilmiş və ölkənin 10 bölgəsində böyük maraqla qarşılanmışdır. Bu festival, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunur. Tədbir, geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin bir hissəsidir.

 

Exit mobile version