Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trillerinin bu gün təqdimat mərasimi keçirilib.
Frame.az Musavat.com-a istinadən xəbər verir ki, ekran işini izləyə sənət dünyasının tanınmış simalar qatılıb. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov film haqqında bunları danışıb:
“Bu film bütün Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir. Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm… Əslində bu film mənim ilk işimdir. Çox ağır, əziyyətli yollar keçdik. Bildiyiniz kimi əksəriyyət bu janrda film çəkməyə risk etmir. Çünki həmin filmin nə qədər uğur qazanacağını əvvəldən bilmək olmur. Bu tip filmlər gəlir gətirən filmlər deyil. Lakin buna baxmayaraq bunun kommersiya tərəfini düşünmürəm. İstəyirəm ki, bu film gənc nəslin yaddaşlarında silinməkdə olan tariximizi canlandıraq, həmin ağrılı-acılı günlərimizi heç vaxt unutmayaq. Yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz”.
Filmdə baş qəhrəman Yavəri canlandıran aktyor İlqar Cahangir də filmlə bağlı öz təəssüratlarını bölüşüb:
“Çəkilişlər təxminən 2 aya başa gəlib. Kollektivin fədəkarlığı ilə bu filmi ərəsəyə gətirə bildik. Filmin çəkilişləri Füzuli, Ağdam rayonlarında və Bakıda aparılıb. Bu cür vətənpərvərlik, Qarabağ mövzusunda filmin çəkilməsi çox sevindiricidir. Ümmiyyətlə indi çəkilən hər iki filmdən ikisi Qarabağ haqqında olmalıdır, ta ki, bu torpaqlar azad olunana qədər. Bizə çörək deyil, topaq qazandırmağı öyrətmək lazımdır. Bu hadisələr 1988-90-cı illəri əhatə edir. Əsasən real hadisələri əks etdirir, qəhrəmanlar da tarixi şəxslərdir. Sadəcə bir qədər bədiiləşdirilib”.
Qeyd edək ki, filmin süjet xətti isə belədir: 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır…
Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.
Qeyd edək ki, 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.