EventsFotoqrafiyaMədəniyyətTəqdimat

Şuşa ili çərçivəsində təşkil olunacaq “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi barədə mətbuat konfransı keçirildi

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2022-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur.

5 aprel tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsinə həsr olunan mətbuat konfransı baş tutdu. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafar-zadə və layihənin kuratoru Angelo Bucarelli (Ancelo Bukarelli) mətbuat nümayəndələrinə layihə barədə ətraflı məlumat verdilər.

Layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.

Bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Azərbaycana dəvət olunacaq mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaqdır.

Həmçinin, bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və layihə çərçivəsində onlar dünyaca məşhur fotoqraflar ilə görüşmək imkanı əldə edəcəklər. Xarici mütəxəssislər tərəfindən gənc fotoqraflar üçün treninq proqramları da təşkil olunacaqdır. Sonda bu layihənin dünyada geniş təbliği məqsədilə çəkilən fotoşəkillərdən ibarət kitabın nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində səyyar sərgilər təşkil ediləcəkdir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!