Site icon Frame.az

“Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi daha bir təşəbbüsün – “Şuşa söhbətləri”  (Shusha talks) layihəsinin təqdimatı keçirildi.

Tədbiri açıq elan edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqqında məlumat verdi. Bildirdi ki,  Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz Şuşa mədəniyyətinin dirçəlişi üçün bir sıra istiqamətlərdə layihələr həyata keçirməkdir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir”.

Şöbə müdiri qeyd etdi ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov layihənin əhəmiyyətindən söz açdı. Diqqətə çatdırdı ki, “Şuşa İli”nə həsr olunan layihə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın tanıdılmasına yönəlib: “Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. 2022-ci ilin Şuşa soraqlı, bayram əhval-ruhiyyəli olmasını istəyirik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixində yox, həm də Azərbaycan mədəniyyətinin beşiklərindən olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı əsas yer tutacaq. Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, “Şuşa söhbətləri” layihəsi ilə qədim şəhərimizin dəyərlərini təbliğ edək”.

“Şuşa İli”nin şəhərinin tarixi-mədəni zənginliklərinin öyrənilməsi və tanıdılması baxımından böyük imkanlar yaradacağını deyən Anar Kərimov layihənin uğurundan asılı olaraq növbəti illərdə də davam etdirməyi düşündüklərini vurğuladı: “Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir. Layihəyə memarlar, tarixçilər, musiqiçilər və sənətin digər sahələrini təmsil edən insanlar dəvət olunacaq. Onlara öz fikir və təkliflərini bölüşmək imkanı yaradılacaq. Şuşanın dəyərləri mövzusunda ictimai müzakirələr təşkil olunacaq. Bu bir başlanğıcdır. Əsas məqsəd dialoqun yaradılmasıdır. Cənab Prezident tərəfindən “Şuşa İli”ndə Xurşidbanu Natəvanın 190 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalandı. Bu sərəncamın icrasında Mədəniyyət Nazirliyinin üzərinə böyük vəzifələr düşür. Bununla bərabər, ictimaiyyətin fikri də önəmlidir. “Şuşa söhbətləri” layihəsində biz sizlərin bu sərəncamların icrası ilə bağlı layihələrdə və proseslərdə müvafiq tövsiyə və təkliflərinizi nəzərə alacağıq”.

Anar Kərimov çıxışının sonunda tədbir iştirakçılarını Novruzun sonuncu çərşənbəsi – Torpaq çərşənbəsi münasibətilə təbrik etdi, cansağlığı və firavanlıq arzuladı. Nazir hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırdı.

Daha sonra Məryəm Qafarzadə  “Şuşa söhbətləri” layihəsi ilə bağlı təqdimat etdi. Layihədə Qarabağın zəngin mədəni irsi, tarixi, ədəbi mühiti, memarlığı, musiqisi və digər sahələr əhatə olunub. Şöbə müdiri həmçinin “Şuşa İli” ilə bağlı Nazirlər kabineti tərəfindən təsdiq olunan Tədbirlər planı haqqında da məlumat verdi.

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova çıxış edərək bildirdi ki, layihədə iştirak üçün kreativ sənayenin nümayəndələri dəvət olunacaq. Bu həm də bir çox yaradıcı insanlara böyük stimul verəcək. Fəxriyyə Xələfova həmçinin bu mövzuda fəaliyyətindən danışaraq Qarabağın simvolu olan Xarıbülbül çiçəyinin parçalara köçürülməsi yolu ilə geyim kolleksiyası yaratdığını da qeyd etdi.

Dünya şöhrətli azərbaycanlı fotojurnalist Rza Diqqəti (Reza Deqati) foto sahəsində Şuşaya töhfələrdən söz açdı. o, foto sənəti ilə vasitəsilə mədəniyyəti təbliğ etməyin mümkün olduğunu diqqətə çatdırdı.

Daha sonra tədbir müzakirələrlə davam etdi. Xalq artistləri Nurəddin Mehdixanlı, Mənsum İbrahimov, Əməkdar mədəniyyət işçisi Rahib Azəri, musiqiçi Zəhra Bədəlbəyli, Şuşanın azad olunmasında iştirak edən döyüşçülərdən Zaur Hüseynov, Əməkdar artist Tahir İmanov Şuşaya səfər təəssüratları və layihə ilə bağlı təklif və düşüncələrini bölüşdülər.

Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.

Exit mobile version