İşğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları bu gün istifadəyə verildi. Uzun illər doğma yurdlarının nisgili ilə yaşayan vətəndaşlar hazırda üçrəngli bayrağımızın dalğalandığı torpaqlarına ziyarətə yollandılar. İllərin Vətən həsrətinə son qoyuldu. Avtobuslar səhər saat 06:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola çıxdı.
Bilet satışı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az üzərindən onlayn qaydada həyata keçirilib.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən – eyni vaxtda sifariş verərək alıblar.
Şuşa və Ağdam şəhərlərinə gedənləri avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin “Regional İnkişaf” İctimai Birliyi və ASAN könüllüləri müşayiət edirlər.
Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər ANAMA-nın mina təhlükəsizliyinə dair təlimlərinə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Maarifləndirmə təlimində könüllülər də onlayn şəkildə iştirak ediblər.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir. Həmçinin hər bir oturacağın üzərinə bu barədə təlimat broşürü yerləşdirilib. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.
Qeyd edək ki, Azərbaycanın Ermənistan işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin şəhər və kəndlərdə dayanıqlı məskunlaşmanın təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.